Dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində tarixin bütün dövrlərində mütəfəkkirlərimiz, ziyalılarımız, alimlərimiz mühüm işlər görüblər. Həmin tədbirlərin nəticəsi olaraq bu gün qətiyyətlə deyə bilərik ki, nizamişünaslıq dünya elmi şəklində formalaşıb və onun da mərkəzi Azərbaycandır.
Müasir Azərbaycanın nizamişünaslığın mərkəzinə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet dövründə Heydər Əliyevin söylədiyi “Nizami Gəncəvi elə dahidir ki, onun yubileyi hər il keçirilməlidir” fikri mütəfəkkir şairə olan milli münasibətin ən bariz təzahürü idi.
Bu barədə müsahibəsində AMEA-nın Gəncə Bölməsi, Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov söyləyib. O qeyd edib ki, Ulu Öndərin təşəbbüsü ilə 1970-ci illərdə “Nizami məqbərəsinin qorunması”, “Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq” tədbirləri haqqında qərarlar qəbul edilib. 1981-ci ildə isə dahi mütəfəkkirin 840 illik yubileyi barədə Azərbaycan KP MK-nın xüsusi qərarının qəbul edilməsi onlarca nizamişünas ziyalıların yetişməsinə yol açdı: “Qətiyyətlə deyə bilərik ki, bugünkü Azərbaycan nizamişünaslıq elminin inkişaf səviyyəsini, əhatə genişliyini yeni nəsil nizamişünas alimlərin yetişdiyi mühitin sirlərini həmin qərarların işığında, məzmununda və ümumiyyətlə, həmin dövrdə axtarmaq lazımdır. Çünki 1970-ci illərdən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından yeni mərhələ başlanır. Nizami Gəncəvinin 840 illik yubileyi ilə bağlı qərarda dahi şairin məqbərəsinin yenidən qurulması və ətrafındakı ərazinin abadlaşdırılması, Gəncə şəhərində Nizami Poeziya evini yaradılması, onun şairin yaradıcılıq irsini təbliğ edən və yayan mərkəzə çevrilməsi kimi məsələlər də əksini tapmışdı. Bütün bunların nəticəsi idi ki, Azərbaycanda Nizamini təbliğ edənlərin hamısına imkan yaranmışdı. Onlarca nizamişünas alim, şair, yazıçı riqqətə gələrək şair haqqında illərcə yatıb qalan mətləbləri həyata keçirməyə başladılar. Bundan sonra xeyli iş görüldü. Dövlət əhəmiyyətli bu qərarlarla kifayətlənmək də olardı. Ancaq uzaqgörən Heydər Əliyevin şəxsi təşəbbüsü diqqəti cəlb edir. Belə ki, Bakıda metronun “Nizami” stansiyası tikilərkən Heydər Əliyev bir neçə dəfə oraya getmiş, işin gedişi ilə maraqlanmış, dayanacaqdakı rəsmlərin Nizaminin əsərləri əsasında olmasına dair tövsiyələrini vermişdi. Ulu Öndərin bu fikirlərini də xatırlamaq yerinə düşər: “Mən qürur hissi keçirirəm ki, Nizaminin yolunda az iş görməmişəm. Onun xatirəsini əbədiləşdirmək, irsinin daha da təbliğ olunması, yayılması üçün kitablarının nəşri üçün çox iş görmüşəm. Buna görə də mən Nizami Gəncəvinin qarşısında öz borcumu yerinə yetirmişəm”.
Müstəqil Azərbaycanda Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 23 dekabr tarixli Sərəncamı, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi nizamişünaslığın inkişafı və klassik ədəbi irsimizin azərbaycançılıq məfkurəsi işığında tədqiqinin genişləndirilməsinə təkan verdi. Eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması, Azərbaycan Prezidentinin himayəsi altında Mərkəzin təşəbbüsü ilə Nizami Gəncəvi ideyalarının işığında 2013-cü ildən ənənəvi olaraq Qlobal Bakı Forumunun keçirilməsi, Nizami Gəncəvi adına qızıl medalın təsis edilməsi, İngiltərənin Oksford Universitetində Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyətə başlaması müasir Azərbaycan nizamişünaslığının tarixi nailiyyətidir”.
Müsahibimiz qeyd edib ki, ötən günlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Beynəlxalq Muğam Mərkəzinin və Gəncə Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə dahi şairin vətənində xatirəsinə həsr olunmuş “Nizami günləri” layihəsi də onun yaradıcılığına ehtiramın ifadəsidir.
Gəncə şəhərinin sakinləri ilə yanaşı, ölkəmizin müxtəlif guşələrindən gələn qonaqların da iştirak etdiyi “Nizami günləri” çərçivəsində dahi mütəfəkkirin ata-baba yurdunda Nizami Gəncəvi təntənəsi yaşandı. Xüsusilə beş gün ərzində tamaşaçılara təqdim edilən hər bir təqdimat birbaşa Gəncə ilə, Nizami Gəncəvi ilə bağlı idi.
“Tədbirin açılış mərasimi isə əsl poeziya bayramına çevrildi, bu gün də sevilə-sevilə oxunan Nizami şeirinin milli və ümumbəşəri əhəmiyyətini bütün parlaqlığı ilə ifadə etdi”, - deyən Əlimuxtar Muxtarov layihə çərçivəsində dahi şairə həsr edilmiş elmi-praktik konfransın əhəmiyyətini də diqqətə çatdırıb. O bildirib ki, həmin konfransda dinlənilmiş məruzələr nəinki nizamişünaslığa, bütövlükdə Azərbaycan ədəbiyyatşünaslığına, habelə mədəniyyətin müxtəlif sahələrinə, o cümlədən kinematoqrafiyaya, rəssamlığa mühüm töhfələrdir. Eləcə də “Nizami klassik musiqidə”, “Qiraət axşamı”, “Nizami Muğam dünyası” dahi şairin irsinin gənc nəslə təbliği baxımından mühüm tədbirlər oldu.
“Səkkiz əsrdən artıqdır ki, bu torpağın üzərində Nizami günəşi parlayır və öz zəka işığını bütün dünyaya yayır. Bütün dünya da Nizaminin poeziya günəşini sevir, əzizləyir. Dahi şairə həsr edilən bütün tədbirlər şairin “Yüz il sonra sorsan: Bəs o hardadır? Hər beyti səslənər: Burda, burdadır!” fikrinin haqlı olduğunu bir daha təsdiqləyir.