Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

25.09.2024 18:03
  • A-
  • A
  • A+

Bolqarıstanın elm adamları Əlyazmalar İnstitutunda olublar

Bolqarıstanın elm adamları Əlyazmalar İnstitutunda olublar

Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Klassik və yeni filologiya fakültəsinin Türkologiya və altayşünaslıq kafedrasının müdiri professor İrina Sarıivanova və Bakı Slavyan Universitetinin Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreska AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olublar.

Qonaqlar institutun direktoru akademik Teymur Kərimli ilə görüşüblər. Görüşdə institutun elmi işlər üzrə direktor müavini fil.ü.f.d., dosent Samirə Əliyeva, elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli və Beynəlxalq əlaqələr şöbəsinin müdiri t.ü.f.d., dosent Nigar Babaxanova iştirak ediblər.

Dəyirmi masa ətrafında keçən görüşdə qonaqlar Əlyazmalar İnstitutunun tarixi, burada mühafizə olunan əlyazmalar, institutda aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat əldə ediblər. Görüş əsnasında tərəflər arasında elmi əlaqələrin və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub, akademik Teymur Kərimli qonaqlara “Azərbaycan multidissiplinar əlyazması: Xəzinədən incilər” kitabının ingiliscə versiyasını və “Xurşidbanu Natəvan. Gül dəftəri” kitabını hədiyyə edib.

Görüşdən sonra prof. İ.Sarıivanova və  S.Şıqayeva-Mitreska Əlyazmalar İnstitutunun Ekspozisiya zalı ilə tanış olublar. Tanışlıq zamanı Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin müdiri t.ü.f.d., dosent Nigar Babaxanova qonaqlara burada sərgilənən qədim və nadir əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu və s. barədə ətraflı məlumat verib.

Qonaqlar, həmçinin Ekspozisiya zalındakı Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Demokratik Respublikasının Parlamenti və böyük mesenat H.Z.Tağıyev guşələri ilə də tanış olublar.

Sonda professor İrina Sarıivanova Əlyazmalar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıb. Görüş iştirakçılarının xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: