Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.09.2024 15:20
  • A-
  • A
  • A+

Seysmoloji Xidmət Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

Seysmoloji Xidmət Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbir iştirakçıları tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Anım mərasimində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli çıxış edib.

Azərbaycan xalqının tarixən yaşadığı faciələr, ötən əsrdə xalqımızın başına gətirilən müsibətlər, ötən əsrin 90-cı illərində ölkəmizdə yaşanan siyasi xaos və torpaqlarımızın işğalı haqqında danışan professor Qurban Yetirmişli bildirib ki, 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabr ayında keçirilən 23 saatlıq antiterror əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı.

“Çünki Azərbaycan xalqı öz Ali Baş Komandanının və ordusunun ətrafına bir yumruq kimi birləşərək, öz torpaqlarını düşmən tapdağından azad etdi. Ali Baş Komandanımızın siyasi iradəsi və qətiyyəti, xalqımızın birliyi və Müzəffər Ordumuzun - qəhrəman oğullarımızın, əsgər və zabitlərimizin bütün dünya xalqlarına, dünya ordularına örnək olan misilsiz qəhrəmanlıqları sayəsində torpaqlarımız işğaldan azad olundu. Xalqımızın 30 illik torpaq nisgilinə son qoyuldu.  Ötən ilin sentyabr ayının 19-da başlayan və 20-də başa çatan 23 saatlıq antiterror əməliyyatı ilə rəşadətli ordumuz qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi və bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Tarixi ədalət bərpa olundu. Bu tarixi qələbəni bizə Ali Baş Komandanımızın rəhbərliyi altında Ordumuz, əsgər və zabitlərimiz, şəhidlərimiz və qazilərimiz qazandırdı. Bu Qələbəyə görə hər birimiz onlara minnətdarıq. Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır”- deyən baş direktor bildirib ki, Vətən müharibəsindəki döyüşlərdə böyük qəhrəmanlıqlar göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

“Şəhidlərimiz hər zaman bizimlədir və bu gün biz onların xatirəsini böyük ehtiram və qürurla yad edirik”- deyən professor Qurban Yetirmişli torpaqlarımızın azad edilməsi və suverenliyimizin bərpa olunması yolunda öz canlarından keçərək həlak olan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı və şəfa diləyib.

Tədbir RSXM-nin Elektron xidmətlər şöbəsi tərəfindən hazırlanmış Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Həmişə bizimləsiniz” adlı videoçarxın nümayiş etdirilməsi ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: