Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

02.10.2024 13:29
  • A-
  • A
  • A+

X Bakı Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb

X Bakı Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb

Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi açılıb.

Açılış mərasimində milli musiqi incilərindən parçalar səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sərginin əhəmiyyətini vurğulayaraq, bu hadisənin kitabsevərlər üçün böyük bayram olduğunu deyib. “Kitab həmişə yaşasın və bizi yaşatsın”, - deyə o bildirib.

Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib.

Sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir.

Həmçinin Bakı Beynəlxalq Kitab Sərgisinin Təşkilat Komitəsi tərəfindən şair Salam Sarvan və yazıçı Rövşən Abdullaoğlu sərginin fəxri yazarları seçiliblər. Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn, tanınmış alman yazar Vulf Dorn, Azərbaycan əsilli Fəriba Vəfi də sərginin fəxri qonaqları sırasındadırlar.

Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edirlər.

Beynəlxalq Kitab Sərgisi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında tədbirlər təşkil olunacaq.

Sərginin tərəfdaşı olan Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) X Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə iştirak edir.

Xatırladaq ki, sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir.

AzərTac

  • Paylaş: