Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.10.2024 16:47
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətinin gücləndirilməsinə dair müzakirələr aparılıb

İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətinin gücləndirilməsinə dair müzakirələr aparılıb

AR ETN İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ilə görüş keçirilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək bildirib ki, ərazi bütövlüyünü bərpa etmiş müstəqil Azərbaycanda gənclərin inkişafı, onların dün­yanın müxtəlif ölkələrində təhsil alması, beynəlxalq elmi layihələrdə iştirakı üçün geniş imkanlar yaradılmış, dövlət başçısı cənab İlham Əliyev tərəfindən müxtəlif Fərman və sərəncamlar, dövlət proqramları qəbul edilmişdir. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, milli düşüncəyə malik, vətənpərvər gənclik formalaşmaqdadır.   

AMEA-nın vitse-prezidenti qeyd edib ki, ölkəmizdə həyata keçirilən gənclər siyasətini rəhbər tutan İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətinin əsas istiqamətlərindən biri də İKT sahəsində yüksəkixtisaslı kadrların hazırlanması və gənclərin elmə cəlb edilməsidir: “Burada gəncləri elmə təşviq etmək, həvəsləndirmək üçün mühüm tədbirlər həyata keçirilir. Gənc tədqiqatçıların müxtəlif elmi problemlərin həllində rolunun artırılması üçün onlara hamilik edilir, dəstək göstərilir”.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətinin yenidən təşkili məsələsinə toxunan alim bütün gəncləri institutda yaradılmış şəraitdən istifadə edərək məqsədyönlü fəaliyyət göstərməyə, öz üzərlərində çalışmağa, yerli və beynəlxalq qrant layihələrində fəal iştirak etməyə çağırıb. Həmçinin gənclərə müasir elmi təfəkkürə və qabaqcıl biliklərə yiyələnərək prioritet istiqamətlərdə tədqiqatları genişləndirməyi tövsiyə edib.

Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Dilbər Əlizadə çıxış edərək şuranın əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Qeyd edib ki, gənc tədqiqatçıların fəaliyyətinin koordinasiya edilməsi, onların innovasiya fəaliyyətinin inkişaf etdirilməsi, institutun elmi ictimai həyatında fəal iştirakının təmin edilməsinə dəstək göstərilməsi və s. şuranın qarşısında duran əsas vəzifələrdir.  D.Əlizadə gənclərin müxtəlif qrant layihələri, müsabiqələrdə və bütövlükdə ölkənin sosial-mədəni həyatında fəal iştirakının təşkilinə dair nəzərdə tutulan tədbirlər haqqında da məlumat verib.

Sonda Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətinin gücləndirilməsi, mövcud problemlər və onların həlli yollarına dair çox əhəmiyyətli müzakirələr aparılıb, şura üzvlərini maraqlandıran suallar cavablandırılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: