AMEA-nın Naxçıvan Bölməsində “İrəvan xanlarının məktublar külliyatı (XVIII əsrin sonları)” kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimini giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Bölmə rəhbəri çıxışında elmi araşdırmaların arxiv sənədləri əsasında aparılmasının tarixçilər, eləcə də uyğun sahə mütəxəssisləri üçün vacibliyindən danışıb. AMEA-nın Naxçıvan Bölməsində arxivlərlə işləmək ənənəsinin mövcudluğundan söz açan akademik bildirib ki, bölmə alimləri indiyədək İngiltərə, Rusiya, Gürcüstan və Türkiyə arxivlərində araşdırmalar aparmış, öz tədqiqat sahələri üzrə topladıqları arxiv materiallarını elmi dövriyyəyə daxil etmişlər. Təkcə ötən bir il ərzində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun xaricə ezam olunmuş əməkdaşları Sankt-Peterburq və Ankara arxivlərindən Naxçıvanla bağlı xeyli sayda arxiv sənədini elektron variantda vətənə gətirməyə müvəffəq olmuşlar.
“Uzun müddətli elmi araşdırmaları, əldə etdiyi arxiv materiallarının zənginliyi, sahib olduğu əsl araşdırma bacarıqları, aşkara çıxardığı tarixi faktlar deməyə əsas verir ki, Musa Quliyevin fəaliyyəti ümumilikdə AMEA Naxçıvan Bölməsində səmərəli qurulan arxiv işinin zirvəsidir. Alim ömrünü böyük səbir və diqqət tələb edən arxiv sənədlərinin tədqiqinə həsr edib. Onun nəşrə hazırladığı “İrəvan xanlarının məktublar külliyatı (XVIII əsrin sonları)” kitabı isə xüsusi əhəmiyyəti ilə seçilir”, - deyən natiq əsər barədə ümumi məlumat verib. Vurğulanıb ki, kitab İrəvan xanlığının və digər Azərbaycan xanlıqlarının tarixi ilə bağlı etibarlı mənbədir. Belə əsərlərin tədqiqatçılar və gələcək araşdırmalar üçün böyük önəmi vardır.
AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov tədbirdə “İrəvan xanlarının məktublar külliyatı” əsəri haqqında bir neçə söz” başlıqlı məruzə edib.
Məruzəçi əvvəlcə İrəvan xanlığının tarixi, onun yürütdüyü daxili və xarici siyasət, kitaba məktubları daxil edilmiş İrəvan xanları barədə geniş məlumat verib.
Tədqiqatçı bildirib ki, İrəvan xanlığının münşisi olmuş Mirzə Məhəmməd Müslimin (Qüdsi) qələmə aldığı farsca məktublar külliyatını rus qafqazşünası K.N.Smirnov rus dilinə tərcümə etmişdir. Musa Quliyev həmin külliyatı Gürcüstan Respublikasının Milli Əlyazmalar Mərkəzində qafqazşünas K.N.Smirnovun şəxsi fondunda axtarışları nəticəsində əldə etmişdir. Əldə olunan məktublar İrəvan xanlığının, eləcə də digər Azərbaycan xanlıqlarının yürütdükləri daxili və xarici siyasətin, Türkiyə ilə saxladıqları diplomatik əlaqələrin öyrənilməsində böyük önəmə malikdir.
Müəllif Musa Quliyevin kitaba yazdığı (Azərbaycan və rus dillərində) ön sözdə məktubların rus şərqşünası tərəfindən tərcümə olunması, nəşrə hazırlanması, yazışmalarda toxunulan məsələlər və s. barədə ətraflı məlumatlar mövcuddur. Əsər İrəvan xanlığının tarixi ilə maraqlanan hər kəsin stolüstü kitabı olmağa layiqdir.
Daha sonra bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış edərək “İrəvan xanlarının məktublar külliyatı (XVIII əsrin sonları)” kitabını Musa Quliyevin gərgin zəhmətinin nəticəsi kimi dəyərləndirib. Kitabın təkcə tarixçilər üçün deyil, həm də məktublarda adı çəkilən toponimlər və başqa məsələlər baxımından filoloqlar üçün də aktuallığından danışıb. Təqdimatı keçirilən yeni kitabı alimin prinsipial tədqiqatçı mövqeyinin, səriştəli və orijinal araşdırmalarının nəticəsi adlandırıb.
Sonda çıxış edən müəllif Musa Quliyev əməyinə göstərilən diqqətə görə minnətdarlıq edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.