Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə COP29-a həsr olunan növbəti tədbir keçirilib.
Tədbirdə Nanopolimer kompozitlər laboratoriyasının elmi işçisi Nurlanə Mirzəyevanın “COP nədir və COP29-a ev sahibliyi Azərbaycana nə verəcək?!” və Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının elmi işçisi Sevda Abdalovanın “COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti” mövzularında çıxışları dinlənilib.
Məruzəçi Nurlanə Mirzəyeva Azərbaycanın COP29-a yekdil qərarla ev sahibi seçilməsinin ölkəmizə göstərilən yüksək etimadın nəticəsi olduğunu bildirib. Tədbirin Bakıda keçirilməsinin Azərbaycanın nüfuzunun artmasına və ölkə reallıqlarının dünyaya çatdırılmasına böyük təkan verəcəyini söyləyib. O qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır.
Çıxış edən Sevda Abdalova COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərini nümayiş etdirmək üçün bir fürsət olduğunu vurğulayıb. Bununla yanaşı, konfrans turizm sektorunu canlandıracaq, yeni investiya və texnologiyaların cəlb olunmasına, yaşıl enerjinin təşviqinə şərait yaradacaq. Ölkənin beynəlxalq əlaqələri və dünya diplomatiyasında mövqeyi möhkəmlənəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənən 2022-2026-cı illər üzrə tədbirlər planına əsasən ölkəmizin işğaldan azad edilmiş torpaqları “yaşıl enerji” zonası elan edilib. COP dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Bu tədbirə ev sahibliyi etməklə Azərbaycan yaşıl iqtisadiyyatı prioritet sahə kimi qəbul etdiyini dünyaya sübut edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.