Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.10.2024 16:28
  • A-
  • A
  • A+

Akademik Məhərrəm Məmmədyarovun 100 illik yubileyi qeyd edilib

Akademik Məhərrəm Məmmədyarovun 100 illik yubileyi qeyd edilib

Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda AMEA-nın həqiqi üzvü Məhərrəm Məmmədyarovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə görkəmli alimin tələbəsi Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq alimin həyatı və elmi fəaliyyətindən danışıb. Bildirib ki, təkcə Mikrobiologiya İnstitutunun deyil, Azərbaycanda Tətbiqi mikrobiologiyanın inkişafında Məhərrəm Məmmədyarovun əvəzsiz xidmətləri olub. Belə ki, akademik 1981-ci ildən 2002-ci ilə kimi Mikrobiologiya İnstitutuna rəhbərlik edib. 1994-cü ilə kimi AMEA-nın Mikrobiologiya sektoru kimi fəaliyyət göstərən bir qurumun institut statusu alması məhz onun yorulmaz fəaliyyətinin nəticəsidir.

Pənah Muradov çıxışında alimin instituta rəhbərlik etdiyi dövrdə mikrobiologiya üzrə tədqiqatların yeni, həm də müasir istiqamətlər üzrə aparılması, mikrobiologiyanın digər elmlərlə inteqrasiyasından yaranan istiqamətlərin inkişafına nail olunmasındakı xüsusi rolunu vurğulayıb. O, alimin rəhbərliyi altında neft mikrobiologiyası və biotexnologiyası, mikrob mənşəli səthi-aktiv maddələrin alınması, bitki tullantılarının biokonversiyası sahəsində bir çox mühüm nəticələr əldə edildiyini qeyd edib.

Diqqətə çatdırıb ki, M.Məmmədyarovun rəhbərliyi və təşəbbüsü ilə neft mikrobiologiyası sahəsində ilk dəfə neft laylarında mikrobioloji proseslərin modelləşdirilməsi həyata keçirilib ki, bu da müəyyən qrup mikroorqanizmlərin metabolik prosesləri nəticəsində laylardan neftin sıxışdırılmaqla, neft hasilatını artırmaq üçün yeni yolların axtarılıb tapılmasına gətirib çıxarıb.

Sonra tədbirdə onun dövründə institutda çalışan əməkdaşlar Məhərrəm Məmmədyarov haqqında xatirələrini bölüşüblər. Məruzələrdə bildirilib ki, Azərbaycanda mikrobiologiya sahəsində kadrların hazırlanmasında da akademik M.Məmmədyarovun böyük əməyi var. Belə ki, onun rəhbərliyi və elmi məsləhətçiliyi ilə mikrobiologiya ixtisasında 1 elmlər doktoru, 5 fəlsəfə doktoru hazırlanıb.

Tədbirdən sonra Mikrobiologiya İnstitutun rəhbərliyi və kollektivi akademik Məhərrəm Məmmədyarovun II Fəxri xiyabanda məzarını ziyarət edərək məzarı üstünə gül dəstələri qoyub xatirəsini ehtiramla yad ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: