ABŞ-ın Woods Hole Okeanoqrafiya İnstitutunun (WHOI) alimləri müəyyən ediblər ki, sellüloz diasetat adlanan bioplastikin dəniz suyunda digər plastik növləri ilə müqayisədə daha tez parçalanır.
100 ildən çox istifadə edilən sellüloz diasetat günəş eynəklərindən siqaret filtrlərinə qədər müxtəlif məhsullarda mövcuddur. Tədqiqatçılar bu bioplastikin “köpüklənmə” adlanan sadə bir proseslə məsaməli hala gətirildiyi zaman onun əvvəlki vəziyyətindən 15 dəfə daha sürətli parçalandığını müşahidə ediblər.
36 həftəlik təcrübə zamanı dəniz suyu çənlərinə yerləşdirilən sellüloz diasetat köpüyü orijinal kütləsinin 65-70%-ni itirib. Tədqiqat laboratoriya şəraitində Massaçusetsdəki Martha's Vineyard Sound-dan davamlı olaraq verilən dəniz suyundan istifadə edilərək aparılıb. Bu material kağız analoqlarından daha tez parçalanır. Müqayisə üçün qeyd edək ki, dünya okeanlarında yayılmış genişlənmiş polistirol eyni dövrdə ümumiyyətlə parçalanma əlamətləri göstərməyib.
Tədqiqatçılar yeni materialın birdəfəlik istifadə olunan məhsullarda plastiki əvəz etməklə ciddi fayda verə biləcəyini düşünürlər.