“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) təşkilatçılığı və Şəki Tibb Kollecinin dəstəyi ilə “Tullantılara həyat verək” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu yad edilib.
Tədbiri açan Şəki Tibb kollecinin direktoru Elmira Hacıyeva ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, alternativ qablaşdırma materiallarından istifadə ilə bağlı keçirilən toplantının önəmini qeyd edib. Bildirib ki, tədbirdə tullantıların idarə olunması, təhlükəli tullantıların utilizasiyası, bu sahədə mövcud problemlər və onların həlli yolları mövzusu ətrafında müzakirələr aparılacaq.
Sonra Şəki REM-in Landşaftşünaslıq şöbəsinin rəhbəri geol.-min.ü.f.d. Hüseyn Mustafabəyli “Qlobal istiləşmənin yaranma səbəbləri və yaşıl dünyanın qorunması” adlı məruzəsini təqdim edib. Məruzəçi qlobal iqlim dəyişikliyinin yaranma səbəbləri, insanların iqlimə və mikroiqlimə təsir yolları, iqlim dəyişikliyinə təsir edən sənaye təsərrüfat sahələri, insanların antropogen fəaliyyəti nəticəsində səbəb olduqları iqlim dəyişmələri kimi vacib amillərə diqqət çəkib.
"Yaşıllıqların insanlar üçün əhəmiyyəti" mövzusunda məruzə ilə çıxış edən Şəki Tibb Kollecinin gigiyena müəllimi Günel Süleymanova isə yaşıllaşdırmanın təkcə oksigen mənbəyi olmamasından, həm də yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılmasını təmin etməsindən, turizm fəaliyyəti kimi iqtisadi səmərəliliyindən, ekoloji vəziyyətin normallaşmasında müstəsna rol oynamasından danışıb.
Daha sonra Şəki REM-in Ekoloji biofizika şöbəsinin rəhbəri Yevgeniya Bəkirova “Bitki ehtiyatlarının insan sağlamlığında rolu” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, bitkilər havatəmizləyici rola malikdir və onlar canlıların sağlamlığının keşiyində duraraq onları boğulmaqdan qoruyur. O, həmçinin bitkilərin təbiətdə daim üzvi maddə sintez etdiyini, oksigen qazının miqdarını tənzimlədiyini, atmosferdə karbon qazının təhlükəli vəziyyətə qədər qalxmasının qarşısını aldığını, günəş enerjisini konservləşdirib canlı orqanizmlərin istifadəsinə verdiyini nəzərə çatdırıb.
Şəki Tibb Kollecinin tələbəsi Fəridə Babazadə “COP29-un Azərbaycan üçün faydası” adlı çıxışında COP29-un Azərbaycanın istixana qazı emissiyalarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirməsinə kömək edəcəyindən, bununla da ölkənin ekoloji vəziyyətinin yaxşılaşacağından, havanın keyfiyyətinin artacağından və nəticə etibarı ilə iqlim dəyişikliyinin təsirlərinin azalacağından danışıb.
Şəki Tibb Kollecinin tələbəsi Minarə Hüseynova “Azərbaycanın yaşıl enerji ilə bağlı təşəbbüsü” mövzusu ilə çıxış edib. O, mütəxəssislərin fikrinə istinad edərək qeyd edib ki, Azərbaycan ərazisində mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək mümkündür.
Məruzəçi ölkə Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsinin əsas istiqamətlərdən biri hesab olunduğunu diqqətə çatdırıb.
Tədbirdə məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonda iştirakçılara təşəkkürnamələr təqdim edilib, Şəki REM-in nəşri olan kitablar Şəki Tibb Kollecinin kitabxanasına hədiyyə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.