Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu gənc alim və mütəxəssislərinin növbəti elmi seminarı zəlzələ mövzusuna həsr edilib.
Seminarda institutun baş direktoru akademik Akif Əlizadə və elmi işlər üzrə baş direktor müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynov iştirak edib.
İnstitutun Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin kiçik elmi işçisi və əyani doktorantı Tural Babayev “Zəlzələ episentrinin təyinində innovativ yanaşmanın tətbiqi” adlı məruzə ilə çıxış edib.
Gənc mütəxəssis baş vermiş zəlzələnin episentrinin koordinatlarını təyin etmək məqsədilə istifadə edilən ənənəvi trianqulyasiya üsulunu yeni texnoloji imkanlarla sintez edərək üsula yenilik gətirib. T.Babayev məruzəsində təklif etdiyi metodu 2023-cü il dekabrın 7-də baş vermiş 5.6 lokal maqnitudalı Xəzər zəlzələsinin timsalına istinad edib. Üsulun tətbiq edilməsi üçün Python proqramlaşdırması vasitəsilə Xəzər zəlzələsinin 3 seysmik stansiyadan dalğa formaları əldə olunaraq emalı aparılıb, əmələ gətirilən seysmik yazılarla dalğaların yayılma zamanı və episentral uzaqlıqları hesablanıb. Üsul daha dəqiq nəticə əldə etmək məqsədilə müasir proqram təminatlarının köməyi sayəsində rəqəmsal müstəviyə inteqrə edilib.
Beləliklə, trianqulyasiya metodunun ənənəvi tətbiqində meydana çıxan qeyri-dəqiq nəticələr yeni rəqəmsal imkanların köməyilə aradan qaldırılıb. Tədqiqatın nəticəsində 07.12.2023 tarixli Xəzər zəlzələsinin episentri müəyyən olunub və mövcud koordinatlarla müqayisə edilib.
Məruzəçi tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.