Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.10.2024 17:35
  • A-
  • A
  • A+

Gəncədə “Dövrün qlobal problemləri: iqlim dəyişiklikləri” mövzusunda konfrans keçirilib

Gəncədə “Dövrün qlobal problemləri: iqlim dəyişiklikləri” mövzusunda konfrans keçirilib

AMEA-nın Gəncə Bölməsində Gəncə Şəhər  İcra Hakimiyyəti və Elm və Təhsil Nazirliyinin Aqrar Problemlər İnstitutunun birgə təkilatçılığı, ölkənin müxtəlif elmi-tədqiqat ocaqlarının təmsilçilərinin iştirakı ilə “Dövrün qlobal problemləri: iqlim dəyişiklikləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev konfrans iştirakçılarını salamlayaraq, müasir dövrümüzün planetar problemlərinin, o cümlədən ölkəmizdə ekologiya, kənd təsərrüfatı, su ehtiyatları, ərzaq təminatı və digər sahələrdə mövcud olan vacib məsələlərin  həllinə Azərbaycan alimlərinin də töhfə vermək naminə çalışdıqlarını və bu mötəbər elmi konfransın da həmin məqsədlərə xidmət edəcəyinə inandığını bildirib.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun direktoru AMEA-nın müxbir üzvü İbrahim Cəfərov bu elmi tədbirin adına uyğun olaraq, müzakirə olunacaq məsələlərin qlobal miqyasda dünyanı təhdid edən iqlim anomaliyası, ekoloji böhran, eləcə də lokal hərbi konfliktlər səbəbindən təbii resursların, ərzaq təminatının azalması, aqrar istehsalatın kəmiyyət və keyfiyyət tənəzzülü və digər bu kimi məsələlərlə bağlı problemlərin ölkəmizin, onun bölgələrinin həyati məsələlərinə təsirinin minimuma endirilməsi üzrə qarşıda duran vəzifələri əhatə etdiyini bildirib.

İ.Cəfərov vurğulayıb ki, öz dövlət müstəqilliyini bərpa etməklə, Azərbaycan qlobal dünyanın tərkib hissəsinə çevrilib və planetin, beynəlxalq aləmin qarşısında duran çağırışların bilavasitə ölkəmizə də aidiyyatı var və bu baxımdan, biz alimlər də ümumbəşəri problemlərin mahiyyətinə dərindən varmaqla, bu məsələlərin həlli istiqamətində səylərimizi birləşdirməliyik. O, konfransda xüsusən aqrar yönlü elmi-tədqiqat institutlarının rəhbərlərinin iştirak etdiyini qeyd edərək, bu elmi müəssisələrdə tədqiqatları daha da genişləndirməyə və fəaliyyətlərini bir-biriylə koordinasiya etməyə çağırıb.

ETN Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova çıxışında konfransın ölkə Prezidentinin cari ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsinin dövrün qlobal problemlərinə müstəqil dövlət kimi Azərbaycanın həssas yanaşmasının və hər sahədə çalışan vətəndaşlarımızın bu yöndə öz töhfələrini verməsinin təzahürü olduğunu qeyd edib. O, həmçinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə, daha çox COP29 kimi tanınan konfransının Bakıda keçirilməsinin cənab Prezident İlham Əliyevin tərəqqipərvər siyasəti və fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq nüfuzunun artmasının, o cümlədən dünyanın qlobal problemlərinin həllində dövlətimizin qabaqcıl mövqeyinin tanınmasının, Azərbaycanın gələcəyə yönəlmiş “yaşıl strategiya”sının dəstəkləndiyinin sübutlarından olduğunu vurğulayıb.

Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxış edərək, Gəncənin elm ocaqlarında, o cümlədən AMEA Gəncə Bölməsində keçirilən tədbirlərdə daim həvəs və maraqla iştirak etdiyini vurğulayıb, bu konfransın da yüksək səviyyədə hazırlanmasına görə təşkilatçılara, həmçinin Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevə minnətdarlıq bildirib.

Konfransın açılış iclasında, həmçinin ETN Bioresurslar İnstitutunun direktoru  kimya üzrə fəlsəfə doktoru, dosent İmran Qasımov,  KTN Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Elmar Allahverdiyev, AR KTN Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent İlham Qaraqurbanlı, AR KTN Əkinçilik İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev,  AR KTN Üzümçülük və Şərabçılıq İnstitutunun  direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Səlimov, AR KTN Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mahir Hacıyev,  Aqrar Sığorta Fondunun Qazax-Tovuz Regional filialının rəhbəri Valeh Əsədov, Göygöl Milli Parkının direktoru Fuad Quliyev və AR ETN Nəbatat bağının şöbə müdiri,biologiya elmləri doktoru, professor Aynur Bayramova çıxış ediblər.

Birinci plenar iclasda isə ETN Torpaqşünaslıq və Aqrokimya İnsitutunun aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent, Azad Kərimov “Salyan düzü şəraitində becərilən pambiq bitkisi altindakı suvarilan boz-çəmən torpaqlarin nəmlik rejimi”, AR ETN Aqrar Probelmlər İnstitutunun şöbə müdiri Vəfa Məmmədova  “İqlim dəyişmələri və onların çay axımına təsiri”, Şəki Regional Elmi Mərkəzinin şöbə müdiri,  biologiya üzrə fəlsəfə doktoru, dosent Qüdrət Bəkirov. “Hibrid kombinasiyalar üçün daha yüksək bioloji göstəricilərə malik cinslərin təyin edilməsi” mövzuları üzrə məruzələri dinlənilib.

Konfransın ikinci günündə “İşğaldan azad olunmuş ərazilərin su ehtiyatları və ondan istifadə potensialı”, “Qlobal iqlim dəyişikliklərinin pomidor bitkisinin istixanalarda yetişdirilməsinə təsiri”, “Azərbaycan əhalisində qocalma prosesinin bioloji və sosial aspektlərinin tədqiqi və sağlam yaşlanma strategiyalarınn inkişafı”, “İqlim dəyişikliklərinin ətraf mühitə və insan sağlamlığına təsiri”, “Deqradasiyaya uğramış torpaqların keyfiyyətinin ekoloji normallaşdırılması və bərpa edilməsi yolları” və digər maraqlı mövzuları əhatə edən məruzələr dinlənilib.

Konfransı beş istiqaməti üzrə ümumən 72 elmi məruzə təqdim edilib. 

Konfrans iştirakçılarına aktual problemlər haqqında ətraflı məruzə və çıxışlara görə sertifikatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: