Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin növbəti qonaqlarından biri qazax yazıçısı Gülbəhram Kurqulina olub.
Doqquz yaşından bədii yaradıcılıqla məşğul olan Gülbəhram Kurqulinanın kitablara sevgisi ona kitabxanası olan atası tərəfindən aşılanıb. Hazırda onun ölkəsində öz auditoriyası var və kitabları beşinci yerə layiq görülərək onluğa daxil olub. Əsasən qazax qadınlarının taleyindən, onların ailədə və cəmiyyətdə sosial rollarından bəhs olunan “Baybişə. Böyük həyat yoldaşı” (“Байбише. Старшая жена”), “Tokal. Kiçik həyat yoldaşı” (“Токал. Младшая жена”), “Qaynana belə qızıldır” (“И свекровь бывает золотой”) və digər kitabları oxucuları tərəfindən maraqla qarşılanır.
Şəhərimizi görməyə gələn yazıçını mərkəzi meydanda yerləşən Nizami Muzeyinin binası, onun qarşısında ucaldılan söz ustadlarının heykəlləri cəlb edib. Azərbaycanın qələm sahiblərinin həyat və yaradıcılığını bir məkanda görmək, tanımaq onda xoş təəssürat yaradıb. Xüsusən, müxtəlif dövrlərdə yaşayıb yaratmış Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Heyran xanım və digərləri haqqında məlumatlar qonaqda Azərbaycan qadınının zəkasına, müdrikliyinə maraq oyadıb, həmçinin onları tanımağa imkan yaradıb.
Yazıçını bu mədəniyyət ocağı ilə Ekspozisiya şöbəsinin kiçik elmi işçisi Aytən Məmmədova tanış edib.
Sonda “Rəy kitabı”na ürək sözlərini qeyd edən Gülbəhram Kurqulina Nizami Muzeyinə “Xəyallarınız gerçəkləşsin” (“Да сбудутся твои мечты”) kitabını hədiyyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.