Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

21.04.2025 15:37
  • A-
  • A
  • A+

Nizami Muzeyində “Ürəyin qanı ilə” adlı sərgi açılıb

Nizami Muzeyində “Ürəyin qanı ilə” adlı sərgi açılıb

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Ürəyin qanı ilə” adlı ədəbi-sənədli sərginin açılışı olub.

Nizami Muzeyinin və Belarus Ədəbiyyat Tarixi Dövlət Muzeyinin birgə əməkdaşlığı çərçivəsində gerçəkləşən sərgi 1941-1945-ci illər müharibəsində qəhrəmancasına həlak olmuş Belarus yazıçılarının xatirəsinə həsr olunub.

Sərginin açılışında elm və mədəniyyət xadimləri, Belarusun Azərbaycandakı səfirliyinin və ölkəmizdə  fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, muzey əməkdaşları, KİV mənsubları və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək Azərbaycan və Belarus arasında  bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, bu əməkdaşlıq ölkəmizin müxtəlif  sahələri ilə yanaşı, muzey fəaliyyəti istiqamətində də aparılır.

O, faşizm üzərində qələbənin 80-ci ildönümü və Nizami Muzeyinin 80 illiyi ərəfəsində təşkil olunan sərginin əhəmiyyətini qeyd edib, layihənin mədəniyyət sahəsində çalışanlar üçün böyük bayram olduğunu deyib.

Akademik Rafael Hüseynov bugünkü sərginin Nizami Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən təşkil olunduğunu diqqətə çatdırıb. O, Azərbaycan-Belarus mədəni əlaqələrinin gələcək illərdə daha da inkişaf edəcəyinə, yeni layihələrin gerçəkləşəcəyinə inamını ifadə edib: “Belarus həmkarlarımızla birgə ərsəyə gələn sərgi həm də gələcək əməkdaşlığımızın başlanğıcıdır. Bu əməkdaşlıq nəinki muzey və mədəniyyətlərimizin yaxınlaşmasına, həm də dövlətlərimiz arasında tarixi-mədəni əlaqələrin daha da genişlənməsinə müsbət təsir edəcək”.

Çıxışının sonunda akademik Rafael Hüseynov sərginin ziyarətçilərdə 1941-1945-ci illər müharibəsində həlak olmuş Belarus yazıçıları barədə zəngin təəssürat yaradacağını bildirib.

Sərginin açılışında, həmçinin Belarusun ölkəmizdəki səfirinin müavini Vladimir Çuşev, Belarus Dovlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru Sergey Usik, həmin muzeyin direktor müavini Olesya Kuznetsova və “Turpressklub” şirkətlər qrupunun sədri Anatoliy Kovalyov çıxış edərək sərgi barədə fikirlərini bölüşüb, iki ölkə arasında mədəni əlaqələrə töhfə olan layihənin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, müxtəlif sahələrdə çalışan Belarus ədiblərinə həsr edilmiş sərgidə həmin dövrün canlı şahidi olmuş yazıçıların müharibədə iştirakını əks etdirən əsərlər, onların  mətbuat səhifələrində dərc olunmuş məqalə və yazıları təqdim olunur. Sərgilənən bütün materialların orijinal nüsxələri Belarus Ədəbiyyat Tarixi Dövlət Muzeyinin fondlarında mühafizə olunur.

Nizami Muzeyində bu dövrü yaşamış ədiblərimizin həyat və yaradıcılığını əks etdirən ekspozisiya mövcuddur. Qələmi silahla əvəz edən yazarlarımızın bir qrupu birbaşa döyüşüb, digərləri mütəmadi olaraq cəbhələrə gedərək əsgərlərin yanında olub, bir neçəsi isə hərbi müxbir kimi fəaliyyət göstərib. Hüseyn Arif, Nəbi Xəzri, Hüseyn Abbaszadə, Qılman İlkin, Əbülhəsən Ələkbərzadə, Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı yaddaşlardan silinməyən həmin illəri yazıya alıblar. Unudulmaz illərə həsr edilmiş digər ekspozisiya Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr edilib. Şair ruhlu, yaradıcı insan Mehdi Hüseynzadənin şəxsi əşyaları, molberti və müəllifi olduğu “İçərişəhər” rəsmi, şeirləri, həmçinin ona məxsus digər nümunələr ekspozisiyada yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: