Bakıdakı Rus Evində Şəki xanlığının üzərində Rusiya imperiyasının tacı olan sikkələrinə həsr olunmuş sərgi və mühazirə keçirilib.
Ziyarətçilərə Şəki xanlığının XVIII əsrin sonu – XIX əsrin əvvəllərinə aid orijinal unikal gümüş və mis sikkələrindən ibarət eksponatlar təqdim edilib.
Tədqiqatçı Rüstəm Hüseynov bu sikkələrin yaranmasına səbəb olan tarixi hadisələr, onların çeşidləri və ən maraqlı numizmatika nümunələri barədə ətraflı danışıb.
Şəki xanlığı Azərbaycanın şimal-qərbində XVIII əsrin ortaları - XIX əsrin əvvəllərində mövcud olmuş tarixi dövlətdir. Şəki xanlığının xüsusən də üzərində tac təsviri olan keçid tipli sikkələri Azərbaycan tarixinin və Rusiya ilə əlaqələrin mühüm təfərrüatlarına dair qiymətli mənbədir, həmçinin XVIII əsrin sonu – XIX əsrin əvvəllərini əhatə edən dövrün təkcə siyasi deyil, həm də iqtisadi tarixinin səhifələrinə işıq salır. Bu xanlığın bəzi sikkə növləri son dərəcə məhdud nüsxədə məlumdur və nadir numizmatika nümunəsidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.