AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri və əməkdaşları Rusiya Elmlər Akademiyası Dağıstan Federativ Tədqiqat Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun 100 illik yubileyi münasibətilə “Müasir tarixi-filoloji qafqazşünaslıq: vəziyyət, problemlər, perspektivlər” mövzusunda keçirilmiş beynəlxalq elmi konfransda əyani və onlayn şəkildə məruzə ediblər.
Rusiya, Azərbaycan, Türkiyə, Özbəkistan, Gürcüstan, İtaliya, İspaniya, Yaponiya və bir sıra ölkələrdən alim və elm adamlarının iştirak etdiyi konfransda şöbə müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov (əyani) “Əliqulu xan Valeh Dağıstaninin ədəbi və bədii irsi”, elmi işçi Xatirə Kərimova və kiçik elmi işçi Günel Cəfərova (onlayn) müvafiq olaraq “General Maqsud Əlixan-Avarlının İran haqqında yol qeydləri” və “General Maqsud Əlixan-Avarlı Cənubi Qafqazda” adlı məruzələrlə çıxış ediblər. Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Qeyd edək ki, beynəlxalq elmi konfrans Rusiya Elmlər Akademiyası Dağıstan Federativ Tədqiqat Mərkəzi, həmin mərkəzin nəzdində fəaliyyət göstərən Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu və Q.Tsadası adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.