Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.11.2024 16:48
  • A-
  • A
  • A+

ADA Universitetində “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda tədbir keçirilib

ADA Universitetində “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyi) və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 31 oktyabr 2024-cü il tarixində ADA Universitetində BMT Günü və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoquna həsr edilmiş “Gələcəyin sədaları: iqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda tədbir keçirilib.

COP29-dan əvvəl Azərbaycanda DİM-in maliyyələşdirmə strategiyasının formalaşdırılması Milli səviyyədə müəyyən edilmiş Töhfələrin (NDC) uğurla həyata keçirilməsinə imkan yarada biləcək iqlim dəyişiklikləri üzrə maliyyə resurslarının genişləndirilməsinə dair məsləhətləşmələr üçün milli platforma kimi xidmət etməklə, ölkə kontekstində bu sahədə yüksək səviyyəli dialoq və biliklərin mübadiləsini asanlaşdıracaq. Tədbirdə hökumət rəsmiləri, BMT nümayəndələri, vətəndaş cəmiyyəti və özəl sektor təmsilçiləri iştirak ediblər.

Forumda ADA Universitetinin prorektoru Fariz İsmayılzadə açılış nitqi söyləyib.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, AR Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov çıxış edərək müzakirəyə çıxarılmış məsələlərlə bağlı fikirlərini səsləndiriblər.

Forumun işində Azərbaycan Milli Elmlər Akademiyasını vitse-prezident akademik İradə Hüseynova təmsil edib. Tədbirdə, həmçinin AMEA Rəyasət Heyəti aparatının vitse-prezidentlərin xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə iştirak edib.

Tədbirdə “Azərbaycanda iqlim fəaliyyətinin genişləndirilməsi” mövzusunda paneldə ölkədə iqlim dəyişmələrinin fəsadlarına qarşı həyata keçirilən siyasət barədə məlumat verilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: