Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə Rusiya Federal Dövlət Büdcə Ali Təhsil Təşkilatı akademik M.D.Millionşik adına Qroznı Dövlət Neft Texniki Universiteti arasında elmi tədqiqat, texnologiya və təhsil sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
Tədbirdə Azərbaycan tərəfindən Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov, qarşı tərəfdən Çeçenistan Elmlər Akademiyasının professorları, coğrafiya elmləri doktoru Umar Qayrabekov və fizika-riyaziyyat elmləri doktoru İbrahim Kərimov iştirak ediblər.
Memoranduma əsasən iqlim dəyişikliyi və artan antropogen təzyiq şəraitində Xəzər dənizi hövzəsinin kiçik və orta çay hövzələrinin landşaftlarının geoekoloji vəziyyətinin dinamikasının öyrənilməsi sahəsində birgə elmi tədqiqatların aparılması nəzərdə tutulub. Razılaşmaya görə yeni proqramların həyata keçirilməsində qarşılıqlı yardım, məlumat və nəşrlərin mübadiləsi, konfrans və seminarların təşkili, tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, tərəflərin müvafiq resurslarından istifadə etməklə elm, texnologiya və təhsil sahəsində yeni biliklərin birgə əldə edilməsi və innovativ məhsul və xidmətlərin yaradılması həyata keçiriləcək.
Tərəflər birgə olaraq iqlim dəyişikliyi və artan antropogen təzyiq şəraitində Şimal-Şərqi Qafqazın, Azərbaycanın və İranın dağ çayları hövzələrinin geoekoloji vəziyyətinin dinamikasının öyrənilməsi ilə bağlı Quba rayonunun Qaraçay hövzəsi boyu ekspedisiyada iştirak edəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.