Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.11.2024 10:16
  • A-
  • A
  • A+

“Enerji təhlükəsizliyi və iqlim dəyişikliyində Azərbaycan modeli” mövzusunda konfrans keçirilib

“Enerji təhlükəsizliyi və iqlim dəyişikliyində Azərbaycan modeli” mövzusunda konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Enerji təhlükəsizliyi və iqlim dəyişikliyində Azərbaycan modeli” mövzusunda konfrans keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev konfransı açaraq dünyanın üzləşdiyi ekoloji böhrandan danışıb. İqlim dəyişikliyi və qlobal istiləşmənin səbəb olduğu çətinlikləri diqqətə çatdıran alim bildirib ki, atmosferin, torpağın və suyun çirklənməsi dünya dövlətləri və beynəlxalq qurumlar qarşısında mühüm öhdəliklər qoymuşdur.

İsmayıl Hacıyev problemlə bağlı bəzi statistik göstəriciləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Yaxın günlərdə Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsini ölkəmizin dünyadakı nüfuzunun və aparılan uğurlu siyasətin nəticəsi kimi qiymətləndirib.

Təbiəti qorumağın vacibliyindən danışan akademik dünyada aparılan müharibələrin ekologiyaya vurduğu ziyandan söz açıb. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini yaşıl dünyaya və sağlam gələcəyə çağırış kimi dəyərləndirib.

AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov konfransda “Qlobal iqlim və enerji problemlərinin həllində Azərbaycanın yeri və rolu” mövzusunda geniş məruzə edib.

Məruzəçi bildirib ki, yeni minillikdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosferin çirklənmədən mühafizəsi ümumbəşəri problemə çevrilmişdir. Demoqrafik artımla yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir.

Dünyada bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinin təmin edilməsi məqsədilə mühüm addımların atıldığını dilə gətirən alim məruzəsinin davamında ekoloji çirklənmənin fəsadlarından və bu ciddi problemin həlli istiqamətində görülən işlərdən danışıb.

Natiq qeyd edib ki, Ulu Öndərin bünövrəsini qoyduğu ekoloji siyasətin əsasında biomüxtəlifliyin qorunub saxlanılması dayanır. Respublikamızda da xüsusi mühafizə olunan ərazilərin yaradılması və onların vaxtaşırı genişləndirilməsi problemi dövlətimizin diqqət mərkəzindədir.

"Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız!", - deyən Ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ekologiya siyasətinə də xüsusi diqqət yetirmiş, Ulu Öndər respublikamıza rəhbərliyinin təkcə birinci dövründə ekologiya, ətraf mühitin sağlamlaşdırılması və bu qəbildən olan başqa məsələlərə dair 8 qanun və 30-dan çox qərar qəbul etmişdir.

Ulu Öndər yolunun uğurla davam etdirildiyini söyləyən Orxan Bağırov bildirib ki, təkcə ötən 5 ildə ölkəmizdə 10 milyondan çox ağac əkilmişdir.

“Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada ekoloji cəhətdən təmiz, tükənməyən alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır”, - deyən məruzəçi bölgədəki su, günəş və külək elektrik stansiyaları barədə ətraflı məlumat verib, Naxçıvanın bərpaolunan enerji istehsalına verdiyi töhfələrdən danışıb. Noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyanın beynəlxalq statusu, müzakirəyə çıxarılan aktual məsələlər barədə ətraflı məlumat verib.

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: