“ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin üzvləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar.
Qeyd edək ki, İctimai Birlik “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən könüllülərin vahid mərkəzdə birləşdirilməsi, onların inkişafına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaq məqsədi ilə təsis edilib. Təşkilat yarandığı gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olub və bu sahədə atılan addımlarda ön sıralarda yer alıb. Görülən bütün işlər gənclərin inkişafına, ideyalarının reallaşdırılmasına, bununla da onların cəmiyyətdə özünəməxsus yer tutmalarına şərait yaradıb. Üzvlərinin sayı otuz doqquz mini keçən təşkilat gənclərin vətənpərvərlik hisslərinin, dövlətçilik dəyərlərinin yüksəldilməsi və onların hərtərəfli inkişafını təmin etmək məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir, çoxsaylı layihələr həyata keçirir.
Belə layihələrdən biri də “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Tarixin dəyəri” layihəsidir. Bu layihənin məqsədi tarix və bənzər ixtisaslarda təhsil alan, təşəbbüskar, yaradıcı və araşdırmağa meyilli gəncləri layihəyə cəlb etmək, onların qeyd olunan sahə üzrə təcrübi biliklərə yiyələnməsinə şərait yaratmaqdır. Layihə çərçivəsində tarixi məkanlara, müxtəlif muzeylərə və arxeoloji abidələrə ekskursiyalar təşkil edilir, həmçinin tarixçilərlə görüşlər keçirilir. Layihə iştirakçılarının sözügedən layihə üzrə bilik səviyyəsini artırmaq məqsədi ilə intellektual yarış da həyata keçiriləcək.
“Tarixin dəyəri” layihəsi çərçivəsində Nizami Muzeyini ziyarətə gələn gənclər muzeyin kiçik elmi işçisi Aysel Bayramovanın təqdimatında Azərbaycan ədəbiyyatı, tarixi və incəsənətini əks etdirən ekspozisiya ilə əyani tanışlıqdan məmnun qalıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.