Amerika mütəxəssisləri hər birimizə yaxşı tanış olan baş ağrılarının izahını tapıblar. Miqrenlərin ümumi səbəbini eksperimental yolla müəyyən edən alimlər baş ağrılarına qarşı öz metodikalarını işləyib hazırlamağa ümid bəsləyirlər.
“telegrafist.net” saytı xəbər verir ki, tədqiqatçılar insan orqanizmində indiyədək məlum olmayan bakteriya tipini aşkar ediblər.
Digər mikroorqanizmlərlə yanaşı mövcud olan bu bakteriyaların sayı azdır. Buna görə də alimlər indiyədək onlara diqqət yetirməyiblər, hesab ediblər ki, bu bakteriyalar sağlamlığa heç bir təsir göstərmir. Amma daha ətraflı analizlər göstərib ki, həmin bakteriyaların sayı bəzən müxtəlif səbəblərdən artır və konsentrasiya həddini keçəndə bir sıra oksidləşmə prosesləri işə düşür. Nəticədə başımız ağrımağa başlayır. Bu mexanizmlərin kəşfi baş ağrılarının ilkin səbəblərindən asılı olmayaraq bu ağrıları kəsən universal preparat hazırlamağa imkan verir.
Amma hələlik belə bir dərman yoxdur. Mütəxəssislər C vitamini ilə zəngin ərzaq məhsulları ilə qidalanmaq və yalnız təmizlənmiş su içməklə bu “zərərli” bakteriyaların sayını azaltmağı məsləhət görürlər.