Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.11.2024 12:34
  • A-
  • A
  • A+

Folklor İnstitutunda “Şanlı ordumuzun Zəfər tarixi” adlı tədbir keçirilib

Folklor İnstitutunda “Şanlı ordumuzun Zəfər tarixi” adlı tədbir keçirilib

AMEA-nın Folklor İnstitutunda 8 Noyabr - Zəfər Günü münasibətilə “Şanlı ordumuzun Zəfər tarixi” adlı tədbir keçirilib.

Tədbirə qonaq qismində şəhid anaları, 44 günlük Vətən müharibəsi şəhidi Tacəddin İsmayılzadənin anası Aygün Məmmədova, şəhid Əbil Cəbizadənin anası Dürdanə Cəbiyeva və aşıq Şahin Süleymanov da dəvət olunublar.

Tədbir iştirakçıları əvvəlcə vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Folklor İnstitutu YAP Ərazi Partiya Təşkilatının sədri fil.ü.f.d., dos. İlhamə Qəsəbova tədbiri giriş sözü ilə açaraq, Zəfər Günü münasibətilə hər kəsi təbrik edib, 44 günlük savaşın, bu savaşın sonunda əldə edilən şanlı Qələbənin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, 44 günlük müharibə bizim 30 illik həsrətimizə son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun əzmi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə dövlətçilik tariximizin ən parlaq səhifəsi oldu.

Sonra Folklor studiyasının Zəfər Günü münasibətilə hazırladığı videoçarx nümayiş olunub.

Videoçarxın nümayişindən sonra söz şəhid anası Aygün Məmmədovaya verilib. O, Zəfər Gününə həsr olunmuş belə bir tədbirə dəvət olunduğu üçün təşkilatçılara təşəkkürünü bildirib. Qeyd edib ki, şəhidlər Vətənimizin şanlı tarixini yazaraq gələcək nəsillərə örnək oldular, ölümləri ilə əbədi ölməzlik qazandılar.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., 44 günlük Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyev 8 Noyabr – Zəfər Günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik edib, bu gün qalib bir ölkənin, ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa edilmiş bir dövlətin vətəndaşı olduğu üçün çox qürurlu olduğunu bildirib.

Daha sonra institutun aparıcı elmi işçiləri - fil.ü.f.d., dos. Nail Qurbanov, fil.ü.f.d., dos. Aynur İbrahimova və Folklor studiyasının rəhbəri Mahir İbrahimov çıxış edərək, şəhid analarının simasında bütün şəhid ailələrinə minnətdarlıqlarını ifadə edib, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfərin Azərbaycan xalqının iftixar və qürur günü kimi tarixə düşdüyünü bildiriblər.

Tədbirdə aşıq Şahin Süleymanovun ifasında saz havaları və xanəndə Vəfa Vəzirovanın ifasında “Xudayar təsnifi” səslənib.

Sonda qonaqlara institutun hədiyyələri təqdim olunub, xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: