ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən Zəfər gününə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbirdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev, şəhid, qazi ailələri, institutların Həmkarlar Təşkilatının sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru Habil Qurbanov Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunmuş yığıncağı Azərbaycanın üçrəngli bayrağının azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalandığını deyib. O qeyd etmişdir ki, xalqımızın birliyi, ordumuzun rəşadəti və Prezident İlham Əliyevin polad iradəsi sayəsində əldə etdiyimiz bu qələbə heç vaxt unudulmayacaq. Tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlardan və hazırda işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən abadlıq və quruculuq işlərindən danışılmışdır.
Daha sonra tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söhbət açıb. İkinci Qarabağ müharibəsində əldə olunmuş Zəfərin ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin tarixin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşadığını deyib. Qarabağın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq salnaməsi olan Vətən müharibəsində xalqımızın böyük qələbəsini müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd etdiyini söyləyib.
Daha sonra İnstitutların Həmkarlar Təşkilatı sədrlərinin verdiyi suallar cavablandırılmışdır.
Tədbirdə çıxış edən Neft-Kimya Prosesləri İnstitutunun böyük elmi işçisi, Birinci Qarabağ Müharibəsinin qazisi, 1-ci qrup əlil Bədəlli Məğrub, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun kiçik elmi işçisi, qardaşı Vətən müharibəsində şəhid olmuş Könül Müseybli, Fizika İnstitutunun əməkdaşı, 1-ci Qarabağ Müharibəsində həyat yoldaşı şəhid olmuş Məcidova Mətanət, Neft Kimya Prosesləri İnstitutunun əməkdaşı İkinci Qarabağ müharibəsinin qazisi, polkovnik-leytenant, Qubadlı və Cəbrayılın azad olunmasına görə medallarla təltif olunmuş Binnətov Ələddin, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işçisi, İkinci Qarabağ müharibəsi şəhidinin bacısı Rzayev Firuzə, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Mülki Müdafiə rəisi, polkovnik-leytenant, İkinci Qarabağ müharibəsinin qazisi Məhəmmədov Ruslan, İqtisadiyyat İnstitutunun elmi işçisi, İkinci Qarabağ müharibəsinin qazisi İsmayılov Bəhruz, Kataliz və Qeyri - üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, Birinci Qarabağ müharibəsinin veteranı Kərimli Oruc qüdrətli Azərbaycan ordusunun, eləcə də ölkənin iqtisadi inkişafının zəfəri olduğunu, milli qürur mənbəyimiz olan bayrağımızın azad edilmiş ərazilərimizdə vüqarla dalğalandığını vurğulayıblar.
Sonra tədbirdə İkinci Qarabağ müharibəsinin qazilərinə və iştirakçılarına mükafatlar təqdim edilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.