Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.11.2024 14:46
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Zəfər Günü ilə əlaqədar tədbir keçirilib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Zəfər Günü ilə əlaqədar tədbir keçirilib

ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 Noyabr - Zəfər Günü münasibətilə anım tədbiri təşkil edilib.

Tədbirə ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev çıxışında tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Ordusunun qazandığı qələbənin xalqımız üçün tarixi əhəmiyyətini vurğulayıb. O, bu qələbənin əsgərlərimizin böyük fədakarlığı və şücaəti sayəsində mümkün olduğunu, bununla da ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qeyd edib. Əlövsət Quliyev 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edərək, onların hər bir Azərbaycan vətəndaşı üçün fəxr və qürur mənbəyi olduğunu bildirib.

İnstitutunun Mülki Müdafiə qərargahının rəisi, Vətən müharibəsinin iştirakçısı polkovnik-leytenant Ruslan Məhəmmədov tədbirdə çıxış edərək döyüşlərdəki xatirələrini bölüşüb. O, Vətən müharibəsi zamanı yaşadığı hadisələrdən, həmçinin həmkarları ilə birlikdə keçdiyi çətin və qürurverici anlardan danışıb. Məhəmmədov döyüşlərin hər bir əsgər üçün həm böyük məsuliyyət, həm də vətənə xidmətin yüksək mənəvi dəyər daşıdığını vurğulayıb.

Tədbirdə çıxış edən b.ü.f.d., dosent Zaman Məmmədov, sentyabrın 27-də başlayıb 44 gün davam edən Vətən Müharibəsini tariximizin ən parlaq səhifələrindən biri kimi dəyərləndirib. O, Vətən müharibəsində qazanılan tarixi zəfərin əhəmiyyətindən söz açaraq bildirib ki, bu müharibə nəticəsində Azərbaycan 30 il işğalda qalan torpaqlarını geri qaytardı.

 Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı çıxış edərək Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb. O, şəhidlərimizin adlarının daim böyük hörmət və ehtiramla yad ediləcəyini, onların fədakarlıqlarının gələcək nəsillərə bir örnək olaraq qalacağını qeyd edib.

Sonda  8 Noyabr - Zəfər Gününə həsr edilmiş video çarx tədbir iştirakçılarına təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: