Nyu-Yorkda Türkevində Mahmud Kaşğarinin "Divanı lüğət-it türk" əsərinin 86 il sonra tapılmış repressiya qurbanı, özbək əsilli türkoloq Xalid Səid Xocayevə məxsus latın qrafikalı ilk əlyazmasının nəşrinin təqdimatı və sərgisi keçirilib.
Layihə rəhbərinin UNESCO GYC üzvü, UNESCO Elektoral qrupunun eksperti, UNESCO Dünya Dilləri Atlası layihəsinin koordinatoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva olduğu və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi dəstəyi ilə keçirilən bu tədbir hibrid formada baş tutub. Bu il əsərin 950 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərdən bu tədbiri fərqləndirən ən əsas məqam Xalid Səid Xocayevin yadigarı Kanadada yaşayan nəvəsi Əfruz Məmmədovanın ailəsi ilə birgə tədbirdə iştirak etməsi olub.
Tədbir ideya müəllifi və səsləndirməsi Vəfa Abdullayeva-Nəbiyevaya məxsus olan "Divan"ın tarixinə həsr olunmuş videotəqdimat və daha sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin nitqi ilə açıq elan olunub.
Tədbirdə Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Türk Mədəniyyətində rezonans yaradan bu böyük tapıntının müəllifi, professor Nadir Məmmədli, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri Almaz Ülvi Binnətova, Türk Mədəniyyəti və İrsi Fondunun birinci katibi Leyla Həsənova, ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Özbəkistan Milli Elmlər Akademiyasının vitse-prezidenti professor Bəhrəm Abdulxalimov, görkəmli türkoloq Xalid Səid Xocayevin nəvəsi Əfruz Məmmədova, tədqiqatçı-jurnalist, folklorşünas Əli Şamil və BDU-nun professoru Yeganə İsmayılova çıxış ediblər.
Tədbirdə Xalid Səid Xocayevin həyatı, yaradıcılığı, ailəsi haqqında bəhs edən qısametrajlı bədii film də nümayiş olunub.
Həmçinin Xalid Səid Xocayevin həyat və yaradıcılığının əks olunduğu sərgi də keçirilib. Sərgidə akademik İsa Həbibbəylinin "Ön söz" müəllifi olduğu və elmi redaktoru Türk Dil Qurumunun rəhbəri professor Osman Mertin olduğu, professor Nadir Məmmədlinin rəhbərliyi ilə nəşrə hazırlanmış və çap olunmuş yeni nəşri, Xalid Səid Xocayevin arxivi - "Keçmiş günlər", "Müxtəsər üslubiyyat", elmi-publisistik əsərlərinin siyahısı, özü yazdığı tərcümeyi-halı, ailə şəkilləri, Xalid Səid Xocayevin həyat və yaradıcılığından bəhs edən kitablar nümayiş olunub.
Tədbirdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin, eləcə də Türk Amerikan Yönləndirmə Komitəsinin (TACS) üzvləri və digər türk ölkələrinin nümayəndələri də iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.