Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Bitki genetik müxtəlifliyi qlobal iqlim dəyişikliyinə uyğunlaşmalıdır
15.11.2024 10:15
  • A-
  • A
  • A+

Bitki genetik müxtəlifliyi qlobal iqlim dəyişikliyinə uyğunlaşmalıdır

COP29-un Azərbaycanda keçirilməsi ölkənin davamlı inkişafa və beynəlxalq əməkdaşlığa sadiqliyini vurğulamaqla bərabər, həmçinin dövlətimizin nüfuzunun daha da güclənməsinin göstəricisidir. COP29 istixana qazı emissiyalarını azaltmaq öhdəliklərinin yerinə yetirilməsinə kömək edəcək, bu isə atmosferin ekoloji vəziyyətini, havanın keyfiyyətini yaxşılaşdıracaq və nəticədə iqlim dəyişikliyini və onun təsirlərini azaltmağa kömək edəcəkdir. 

Azərbaycan istixana qazı emissiyalarını 2050-ci ilə qədər 40 faiz azaltmaqla Paris Sazişinə uyğun olaraq, qlobal iqlim məqsədlərinə töhfə verəcəkdir.

COP29 biomüxtəlifliyin itirilməsi kimi problemləri də ön plana çıxarır və  onların həlli üçün əlavə resursların ayrılmasına imkan yaradacaqdır.

İqlim dəyişmələri qlobal bir proses olub, onun nəticələrini adi insanlar Azərbaycanda da hiss edirlər. Bəzən fəsillərin, ayların yerinin dəyişdiyini iddia edirik. Bütün bunlar qlobal səviyyədə atmosferin sərhədinin olmadığından iqlim dəyişmələrinin lokal təsirlərinin nəticəsidir. Məhz buna görə də iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üçün tədbirlər həyata keçirilməli və ona uyğunlaşmaq məqsədilə zəruri addımlar atılmalıdır.

Qlobal iqlim dəyişikliklərinin intensiv xarakter aldığı müasir dövrdə aqrobiomüxtəliflik canlı həyatın mühafizəsində, insanların ərzaq və digər ehtiyaclarının ödənməsində və davamlı inkişafa nail olunmasında xüsusilə mühüm əhəmiyyətə malikdir. 

Azərbaycan bir çox bitki növlərinin ilkin əmələgəlmə və mədəniləşdirmə mərkəzlərindəndir. Müsbət əlamətlərin, davamlılıq genlərinin daşıyıcısı kimi böyük əhəmiyyətə malik yabanı əcdad növlər və xalq seleksiyası nümunələrinin qiymətli müxtəlifliyi məlum səbəblərdən azalmış, bəzi növ və sortlar isə itmiş və ya itmək təhlükəsindədir.

Hazırda, yabanılarda və qədim xalq seleksiyası sortlarında mövcud olan qiymətli genlərin ənənəvi və biotexnoloji metodlarla köçürülməsi dəyişən mühitə uyğunlaşmağa kömək edən və yeni formaların yaradılmasında yeganə ehtiyat mənbəyidir. Onların təhlili, itmə təhlükəsinin vaxtında aşkara çıxarılması və toplama prioritetlərinin təmin olunması olduqca vacibdir. Ərzaq və kənd təsərrüfatı bitkilərinin biotik və abiotik stres amillərinə davamlılığının artırılması strategiyalarının əsasında da genetik müxtəlifliyin qorunub saxlanması və artırılması durur. Bu məqsədlə Milli Genbankda, genefond bağlarında, əsasən, yerli genetik müxtəlifliyin qiymətli nümunələri toplanaraq bərpa və mühafizə edilir.

Mühafizə strategiyalarının düzgün və elmi əsaslı tətbiqi mühüm əhəmiyyət daşısa da, başlıca məqsəd genefondun səmərəli istifadəsinə nail olmaqdan ibarətdir. Deməli, toplanmış genetik materialın qiymətli donorları seçilməli və seleksiya proqramlarına cəlb edilməli, ətraf mühitin dəyişikliklərinə daha adaptiv xüsusiyyətlərə malik sortların yaradılması ön plana çıxmalıdır. Bu mühüm vəzifələr nəzəri və praktiki tədqiqatlar, seleksiya və biotexnologiya proqramları və s. vasitəsilə həyata keçirilməlidir. 

 Qlobal iqlim dəyişmələri şəraitində yeni sortların yaradılmasına həm də ekosistem yanaşma olmalıdır. Bu sahədə uzun müddət ərzində toplanmış çoxillik təcrübi materiallar ətraf mühitin dəyişməsi baxımından ciddi təhlil edilməli və bunun əsasında aqroekoloji proqnozlaşdırma modelləri hazırlanmalıdır. Bu zaman iqlim dəyişikliklərinin bitkilərin becərmə şəraitinə təsiri də nəzərə alınmalıdır. İrəli sürülmüş və əsaslandırılmış proqnozlar əsasında bitkilərin müvafiq əlamətlərə malik yeni sortlarının yaradılması və istifadəsinə başlanılmalıdır. Bütün bunlar seleksiya proqramlarında bitki genetik ehtiyatlarından (BGE) istifadənin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasını tələb edir.

Bu baxımdan BGE-nin etibarlı mühafizəsi və səmərəli istifadə olunması informasiya sistemlərindən asılıdır. Məlumat bazaları pasport, botaniki və ekoloji verilənlərlə yanaşı, səciyyələndirmə və qiymətləndirmə məlumatlarını da əhatə etməlidir. Bu, seleksiyaçıların bitki ehtiyatlarına müraciət və seçmə imkanlarının artırılmasına xidmət göstərməsi baxımından çox vacibdir. 

İqlim dəyişilmələri reallıqdır və hətta bütün mənfi antropogen təsirləri gecikmədən dayandırmaqla belə, onu saxlamaq mümkün deyildir. Ona görə də biz mümkün dəyişilmələrin nəticələrinin yumşaldılmasına və onlara uyğunlaşmağa istiqamətlənmiş səylərimizi genişləndirməliyik. 

Bu gün iqlim dəyişiklikləri tarixdə misli görünməmiş sürətlə baş verir. Ümumiyyətlə, bu dəyişikliklər nə qədər sürətlə gedirsə, insanlara və ekosistemlərə təsiri bir o qədər güclü olur. Nəticələrin yumşaldılması üzrə tədbirlərə əlavə olaraq, iqlim dəyişilməsinə qarşı təcili uyğunlaşma planlarının hazırlanması və reallaşdırılması vacibdir. Hesab edirəm ki, COP29 bu sahədə də tədqiqatlara təkan verəcəkdir.

Zeynal ƏKPƏROV, 

AMEA-nın müxbir üzvü, 

AR ETN Genetik Ehtiyatlar İnstitutunun baş direktoru

“Azərbaycan” qəzeti

  • Paylaş: