Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutu tərəfindən “Qərb regionunun sənaye tullantıları və ətraf mühit” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbirdən əvvəl AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun elmi nailiyyətlərinə həsr olunan sərgiyə baxış keçirilib.
AMEA-nın Gəncə Bölməsinin böyük akt salonunda keçirilən elmi forum Azərbaycan Respublikasının Dövlət Himninin sələnməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin anılması ilə başlayıb.
İştirakçılar əvvəlcə AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun yaranması və fəaliyyəti haqqında filmə baxıblar. Filmdə 40 ildən çox bir müddətdir ki, fəaliyyətini Gəncə Elm Mərkəzinin, Gəncə Regional Elmi Mərkəzin, AMEA-nın Gəncə Bölməsinin, hazırda isə Elm və Təhsil Naiirliyinin tabeliyində davam etdirən bu institutun Azərbaycanın elminə, iqtisadiyyatına və cəmiyyətinə verdiyi töhfələrdən bəhs olunur.
Respublika konfransını giriş sözü ilə AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev açaraq iştirakçıları və qonaqları salamlayıb. O, konfransa Bakı, Sumqayıt və Gəncədə fəaliyyət göstərən bir sıra elmi-tədqiqat və ali təhsil ocaqlarını təmsil edən alim və araşdırmaçıların qatıldığını diqqətə çatdırıb. Akademik Fuad Əliyev qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət və gələcəyə hesablanmış dəqiq inkişaf strategiyası sayəsində Azərbaycan sürətlə tərəqqi etmiş və onun beynəlxalq nüfuzu yüksəlmişdir. O, ölkəmizin ev sahibliyi ilə keçirilən COP29 – BMT-nin İqlim dəyişikilyi ilə mübarizə məsələlərinə həsr olunan konfransın möhtəşəm miqyasının da bunun daha bir sübutu olduğunu qeyd edərək, həmin tədbirdə səslənən çağırışların alimlərimizin qarşısında yeni vəzifələr qoyduğunu vurğulayıb.
Akademik Fuad Əliyev məhz bu baxımdan sənaye tullantılarının ətraf mühitə təsirlərinin neytrallaşdırılması və ya azaldılması məsələlərinin müzakirə edildiyi, həmin sahədə geniş tədqiqatlarla məşğul olan alimlərin iştirakı ilə keçirilən bu mötəbər elmi konfransın işinin və nəticələrinin faydalı olacağına inandığını bildirib və qeyd edib ki, konfransın materialları ayrıca kitabça şəklində nəşr edilib.
Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sənubər Qocayeva çıxışı zamanı bu elmi tədbirin respublikamızın ev sahibliyi etdiyi, iqlim dəyişikliklərilə mübarizə üzrə COP29 konfransının mövzuları ilə səsləşdiyini diqqətə çatdıraraq, alimlərimizin öz fəaliyyətləri ilə daim doğma təbiətin və insan həyatının qorunmasına töhfə verdiklərini bildirib.
S.Qocayeva, həmçinin Prezident İlham Əliyevin Gəncə şəhərinə göstərdiyi xüsusi diqqət və qayğısı sayəsində Azərbaycanda Avropa Yenidənqurma və İnkişaf Bankının “Yaşıl şəhərlər” Proqramına ilk olaraq məhz Gəncə şəhərinin qoşulduğunu, bu layihəyə əsasən ilkin mərhələdə bərk məișət tullantılarının idarə edilməsi, yaşıllaşdırma ilə yanaşı, şəhərin küçə işıqlandırması sisteminin yenidən qurulması və ictimai nəqliyyatın yenilənməsi üzrə 3 prioritet istiqamətin müəyyənləşdirildiyini və bu sahədə işlər aparıldığını qeyd edib.
Konfransın plenar iclasında çıxış edən AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun direktor müavini, kimya elmləri namizədi, dosent Mahirə Şərifova planetin həyatını təhdid edən qlobal ekoloji və onunla birbaşa bağlı olan humanitar problemlərin həllinin dünya ictimaiyyəti və alimlərin birgə səyləri ilə mümkün olmasına diqqət çəkib. O, respublika konfransının mövzularının da alimlərin vacib ekoloji məsələlərə ictimai diqqət yönəltmək baxımından faydalı olacağını bildirib.
ETN Neft-Kimya Prosesləri İnstitutundan texnika elmləri doktoru, professor Təranə Məmmədova da tullantıların emal və müxtəlif sahələrdə müxtəlif əlavə materiallar kimi istifadə olunma imkanlarından danışıb və bu yöndə çalışdığı elm ocağında gedən təcrübələr haqda məlumat verib.
Həmin institutdan kimya elmləri doktoru Füzuli Nəsirov da çıxış edərək, elmi-tədqiqatların aktuallığı və nəticələrinin səmərəliliyi məsələlərinə toxunub. O, alimlərin, o cümlədən gənc tədqiqatçıların fəaliyyət imkanlarının genişləndirilməsi haqda da danışıb.
Plenar iclasda, həmçinin ETN Aşqarlar Kimyası İnstitutundan Könül Qəhrəmanova, Bioresurslar İnstitutundan (Gəncə) kimya üzrə fəlsəfə doktorları, dosentlər İmran Qasımov və Aişə Süleymanova, Ekologiya və Təbii Ehtiyatlar İnstitutundan texnika üzrə fəlsəfə doktoru İlahə Cəfərova və digərləri çıxış ediblər.
AR KTN Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun direktoru AMEA-nın müxbir üzvü İbrahim Cəfərov da qeyd edib ki, alimlərimizin, elm ocaqlarımızın qarşısında dünyanı təhdid edən iqlim anomaliyası, ekoloji böhran, onların təbii resurslara, ərzaq təminatına təsiri və digər bu kimi məsələlərlə bağlı problemlərin ölkəmizin, onun bölgələrinin həyati məsələlərinə təsirinin minimuma endirilməsi üzrə aktual vəzifələr durur.
Sonra konfransın işi “Kimya və neft-kimya sənayesi tullantılarının təkrar emalı”, “Polimer materialların ekoloji problemləri”, “Polimer kompozision materiallar”, “Aqrosənaye tullantılarından alternativ enerjinin alınması” və “Yüngül sənaye tullantılarının ekologiyası” istiqamətlərini əhatə edən 5 bölmə üzrə məruzələrlə davam edib.
Çıxışlar və məruzələr ətrafında fikir mübadilələri aparılıb.
Aktual problemlər haqda ətraflı məruzə və çıxışlara görə konfransın fəal iştirakçılarına sertifikatlar təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.