Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mürsəlov və səfirliyin nümayəndə heyəti Moskva vilayətinin Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) səfər ediblər.
Nümayəndə heyəti ilk olaraq BNTİ-də Azərbaycanın Milli Qrupu (AMQ) ilə görüşüb. Görüşdə BNTİ-nin Azərbaycan üzrə əlaqələndiricisi, Nüvə problemləri laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Yevgeni Yakuşev, Azərbaycanın BNTİ-də Milli Qrupunun rəhbəri Nazim Hüseynov, qrupun nümayəndələri və BNTİ-nin digər səlahiyyətli şəxsləri iştirak ediblər.
Yevgeniy Yakushev qonaqlara BNTİ-nin yaranma tarixi, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib, sualları cavablandırıb.
Daha sonra Nazim Hüseynov AMQ, burada görülən işlərdən danışıb. O, AMQ-nin ölkəyə verdiyi töhfələri əks etdirən təqdimatla çıxış edib.
Fizika İnstitutunun Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin müdiri Rüstəm Rüstəmov tədbirdə onlayn rejimdə iştirak edib. R.Rüstəmov Azərbaycanın BNTİ-də fəaliyyətinin əhəmiyyətindən danışıb.
Səfirliyin nümayəndə heyəti BNTİ-nin direktoru akademik Qriqori Trubnikovla görüşüb. Görüş çərçivəsində gələcəkdə qarşılıqlı əməkdaşlığın perspektivliyi haqqında ətraflı müzakirələr aparılıb.
Sonda qonaqlar BNTİ-nin laboratoriyaları ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.