Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin növbəti buraxılışı Azərbaycan şairi, qəzəlxan Məşədi Azər Buzovnalıya həsr olunub
20.11.2024 16:14
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin növbəti buraxılışı Azərbaycan şairi, qəzəlxan Məşədi Azər Buzovnalıya həsr olunub

Mədəniyyət kanalında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Budəfəki veriliş XX əsrin əvvəllərində klassik şeir ənənələrini öz yaradıcılığında yaşadan, “Məcməüş-şüəra” ədəbi məclisinin rəhbəri, Füzuli ədəbi ənənələrinin davamçısı, ustad qəzəlxan kimi məşhur olan Buzovnalı Məşədi Azər Hacı Məcid oğlu İmaməliyevə həsr olunub.

Akademik Rafael Hüseynov Azərbaycan şairi, qəzəlxan Məşədi Azər Buzovnalının həyat və zəngin irsi barədə məlumat verərək bildirib ki, əslən Buzovnadan olan şair həyatının yarım əsrdən bir hissəsini şeirə, ədəbiyyata həsr edib. O, Azərbaycan ədəbiyyatında sözünü demiş, imzasını atmış şəxsiyyətlərdəndir. Şairin qələmindən çıxmışlarda insanı heyran qoyan yalnız söz gözəlliyi deyil, orada milli tariximizin şərəfli şeirləri də var.

Verilişdə Məşədi Azər Buzovnalının nəvəsi ilə birgə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ziyarətindən bəhs olunub, onun təəssüratlar kitabında yazdıqları diqqətə çatdırılıb. Həmçinin şairin Birinci Türkoloji Qurultayda iştirakından danışılıb.

Bildirilib ki, Azər XIX əsrin 80-ci illərindən fəaliyyət göstərən Bakı şairlərindən ibarət “Məcməüş-şüəra” ədəbi məclisinin rəhbəri olub. Şair Azərbaycanla yanaşı, ölkəmizdən kənarda da məşhur olub.

“Çoxsahəli yaradıcılıq xüsusiyyətlərinə malik olan Məşədi Azər Buzovnalı Azərbaycan ədəbiyyatı tarixində yeni mühit yaradıb, onlarla şairlərin yetişməsində böyük rol oynayıb”, - deyən akademik Rafael Hüseynov bildirib ki, şairin ədəbi irsinin əsas hissəsini onun lirik janrda yazdığı əsərləri təşkil edir. İstər qəzəlləri, istər poemaları, istər satirik şeirləri və klassik irsdən etdiyi tərcümələri onun nə qədər zəngin biliyə və istedada malik olduğunu açıq şəkildə göstərir.

Bundan başqa, verilişdə XX əsrin görkəmli Azərbaycan tədqiqatçısı və şairi Cəfər Rəmzinin Məşədi Azərlə əlaqərindən bəhs olunub. Cəfər Rəmzinin 1981 və 1987-ci illərdə nəşr olunmuş “Deyilən söz yadigardır” toplusunda Məşədi Azərin adının ən birincilərdən olduğu qeyd olunub.

Diqqətə çatdırılıb ki, şair içərisində işıq daşıyan gəncləri dərhal sezib və onlara imkanı daxilində yol açıb. Onlardan biri tanınmış qəzəlxan Əliağa Vahid olub. Söz xiridarı Əliağa Vahid Azəri özünün ustadı sayıb. Ona Vahid təxəllüsünü məhz Məşədi Azər verib.

Verilişi buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: