Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dədə Qorqud” jurnalının 84-cü sayı çapdan çıxıb
28.11.2024 12:54
  • A-
  • A
  • A+

“Dədə Qorqud” jurnalının 84-cü sayı çapdan çıxıb

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi toplusunun 84-cü sayı çapdan çıxıb.

Filologiya elmləri doktoru, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu sayında maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər və başqa yazılar beş rubrikada öz əksini tapıb.

Toplunun “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” rubrikasında fil.e.d., prof. Ramazan Qafarlının “Oğuznamələrin (“Oğuz Kağan” və “Kitabi-Dədə Qorqud”) poetik strukturunda zaman, məkan və kəmiyyət vəhdəti” və fil.e.d., prof. Rüstəm Kamalın (Rəsulov) “Kitabi-Dədə Qorqud”: məkanın mifosemiotikası” başlıqlı məqalələri oxucuların ixtiyarına verilib.

“Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində fil.e.d., prof. Fikrət Türkmənin “Türk kültüründe tarihi gelişim içinde hayvan ve bitkilerin “ölçü birimi” olarak kullanılması hakkında”, fil.e.d., prof. Yaqub Babayevin “XIII-XIV əsrlər epik şeirimizdə dastan motivləri”, fil.e.d., prof. Füzuli Bayatın “Müasir şəhər əfsanələri: strukturu və özəllikləri”, fil.e.d., prof. Ülkər Nəbiyevanın “Folklor süjet, motiv və obrazlarının mifoloji strukturu (Təpəgöz və “atalar-oğullar” əsasında)”, fil.ü.f.d. Nizami Adışirinovun “Molla Cümənin şeirlərində mistik-mifoloji məkan”, fil.ü.f.d. Sahilə İbrahimovanın “Folklor mətnlərində ədatların məna xüsusiyyətləri”, fil.ü.f.d. Xalidə Şaiqqızının (Məmmədova) “Aşıq Şəmşirin qoşmalarında sevginin ünvanı”, fil.ü.f.d. Qumru Şəhriyarın “Macar aliminin türk dilində topladığı ninnilər”, fil.ü.f.d. Əpoş Vəliyevin “Nizami Gəncəvi yaradıcılığında atalar sözləri”, fil.ü.f.d. Sevda Qasımovanın “Bəkir Çobanzadənin yaradıcılığında folklor nümunələri”, Gülnar İsmayılovanın “Müstəqillik dövrü hekayələrində nağıl təhkiyəsi” və Mətanət Xəlilovanın “Qarabağ folklorunda bayatı janrı mövsüm mərasimlərinin poetik formulu kimi (Novruz mərasimləri əsasında)” adlı məqalələri ilə tanış olmaq mümkündür.

Jurnalın “Yeni nəşrlər” bölməsində fil.ü.f.d., dos. Aytən Cəfərovanın AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunmuş “Şərur folklor örnəkləri – II kitab” haqqında yazısı verilib.

Toplunun “Azərbaycan folklorundan yeni nümunələr” rubrikasında fil.ü.f.d., dos. Elxan Məmmədlinin yazıya aldığı “Yetim Söyün” dastanı, fil.ü.f.d., dos. İlkin Rüstəmzadə tərəfindən toplanılıb yazıya alınmış Qərbi Azərbaycan folklor örnəkləri və Cənubi Azərbaycan folklorundan nümunələr təqdim olunub. “Türk xalqlarının folklorundan yeni nümunələr” bölməsində isə macar alimi İqnats Kunoşun türk dilində topladığı ninnilər (fil.ü.f.d. Qumru Şəhriyarın tərtibçiliyi ilə) yer alıb.

Xatırladaq ki, “Index Copernicus” sisteminə daxil olan “Dədə Qorqud” elmi-ədəbi toplusunda məqalələr 2023-cü ildən həm də DOI indeksi ilə dərc edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: