Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi şurasının növbəti iclası keçirilib.
2024-cü ildə elmi və elmi-təşkilati fəaliyyətin yekunlarına dair hesabat çıxışlarının dinlənildiyi iclasda rəsədxananın elmi və köməkçi şöbələrinin müdirləri, o cümlədən elmi fəaliyyət planı üzrə mövzu və iş rəhbərləri iştirak edib.
İclası Elmi şuranın sədri AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.
Sonra ŞAR-ın elmi şöbələrinin müdirləri, müvafiq elmi işlər üzrə mövzu və iş rəhbərlərin 2024-cü il ərzində apardıqları elmi-tədqiqat işləri, çap olunan elmi əsərlər, əldə edilmiş vacib elmi nəticələr, şöbələrin kadr potensialı haqqında çıxışlar dinlənilib. Həmin çıxışlarda innovativ elmi fəaliyyət, tətbiq sahələri, beynəlxalq elmi əlaqələr və qrant layihələri barəsində də geniş məlumat verilib.
Daha sonra rəsədxananın köməkçi şöbələrinin rəhbərləri cari ildə görülən işlər barəsində məruzə ilə çıxış ediblər. Çıxışlar zamanı elmi-təşkilati fəaliyyətin daha səmərəli təşkili ilə bağlı fikirlər səsləndirilib.
Təqdim olunan hesabatlar ətrafında geniş müzakirələr aparılıb və müzakirələrin yekununda Elmi şura üzvlərinin açıq səsverməsi ilə hesabatlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.