Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

05.12.2024 10:38
  • A-
  • A
  • A+

Torpaq həyatımızın ayrılmaz hissəsidir

Torpaq həyatımızın ayrılmaz hissəsidir

Torpaq Günü, hər il 5 dekabrda keçirilən və torpağın qorunması, idarə edilməsi və davamlı istifadəsi mövzusunda qlobal səyləri bir araya gətirən mühüm bir gündür. Bu gün, aqrar sahədə ölkədə həm də beynəlxalq səviyyədə torpağın mühafizəsi üçün bir platforma təyin edilir və torpağın qorunmasına dair qlobal hərəkatın güclənməsinə dəstək olunur. Beləliklə, Torpaq Günü torpağın həyatdakı rolunun daha geniş auditoriyaya çatdırılması və onun qorunmasının vacibliyi haqqında məlumatlılığın artırılması məqsədini güdür. Torpaq, insanlıq tarixinin ən mühüm təbii resurslarından biridir və onun sağlamlığı, bəşəriyyətin gələcəyini təmin etmək üçün vacibdir. Torpaq sağlam olduğu zaman, ondan faydalanan ekosistemlər və insanlar da sağlam olur.

Torpaq, atmosferdəki karbonun böyük hissəsini saxlayır. Bu xüsusiyyət, iqlim dəyişikliyi ilə mübarizədə torpağın əhəmiyyətini daha da artırır. Torpağın ekosistem xidmətləri arasında suyun təmizlənməsi  onun və bioloji müxtəlifliyin saxlanılması da mövcuddur. Bu xidmətlər həyatın davamlılığını təmin edir və ekosistemin balansını qoruyur. Torpaq, həmçinin kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və nəticədə yuxarıda qeyd edildiyi kimi bioloji müxtəlifliyin qorunması üçün vacibdir. Bu isə, iqlim dəyişikliyi ilə mübarizənin vacib komponentidir.

Hal-hazırda torpaq ekosistemlərinin üzləşdiyi bir sıra təhdidlər mövcuddur. Antropogen təsir ilə torpaq eroziyası, çölləşmə, torpaq sənayeləşməsi və torpaqlarda ağır metalların toplanması problemləri sürətlə artır. Bu problemlər, torpağın münbitliyini zəiflədir və onun məhsuldarlığını azaldır. Bununla əlaqədar, torpaq ekosistemlərinin sağlamlığını qorumağa yönəlmiş tədbirlər daha da zəruri hala gəlir.

Həmçinin qeyd etmək lazımdır ki, iqlim dəyişikliyi torpaqlara çoxsaylı təsirlər göstərir. Temperaturun artması, suyun qeyri-bərabər paylanması, ekstremal hava şəraiti və.s, torpağın münbitliyini və məhsuldarlığını azalda bilər. Bu səbəbdən torpağın mövcud vəziyyətinin izlənməsi, torpaq sağlamlığını qorumağa yönəlmiş araşdırmalar daha da əhəmiyyətlidir. Bu, həmçinin gələcək nəsillərin ehtiyaclarını qarşılayacaq bir strategiya olaraq görülməlidir.Torpaq yalnız təbii resurs deyil, həm də gələcək nəsillər üçün bir mirasdır. Torpağa olan antropogen təsirlər onun gələcəyini müəyyən edəcək. Torpaq ekosistemləri sağlam qaldığı müddətcə, biz də sağlam bir cəmiyyətə sahib olacağıq. Bu, yalnız təbiətə deyil, həm də insan cəmiyyətinə fayda verəcəkdir. Lakin bu, yalnız hər birimizin torpağa qarşı məsuliyyətli yanaşması ilə mümkündür.Torpağı qorumalı və ona hörmətlə yanaşılmalıdır. Bu, yalnız ekologiya üçün deyil, həm də gələcəkdəki qida təhlükəsizliyimiz üçün həyati əhəmiyyət kəsb edir. Bu məqsədlə, hər bir şəxs torpağın qorunmasına öz töhfəsini verməli və torpağa qarşı məsuliyyətli olmalıdır.

Torpaq Günü, bu məsələlərə diqqət çəkmək, elmi tədqiqatları dəstəkləmək və torpağın qorunmasına dair qlobal maarifləndirmə işlərini sürətləndirmək üçün böyük bir fürsətdir. Bütün bu təşəbbüslər bir araya gəldikdə, torpağın gələcəyini qorumaq mümkün olacaq. Unutmayaq ki, torpaq bizim həyatımızın ayrılmaz bir hissəsidir və onu qorumaq bizim borcumuzdur. Torpağın sağlamlığı, bizlərin və gələcək nəsillərin həyat keyfiyyətini müəyyən edəcəkdir.

Tərlan YELMARLI, ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: