Dekabrın 5-də AR ETN Neft və Qaz İnstitutunun təşkilatçılığı, SOCAR və BP şirkətlərinin sponsorluğu ilə görkəmli neftçi-geoloq, “Heydər Əliyev Mükafatı” laureatı, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadənin xatirəsinə həsr olunmuş “Xəzər regionunun neftqazlılığı və geoekoloji” problemləri mövzusunda “Xoşbəxt Yusifzadə qiraətləri” beynəlxalq elmi-praktiki konfransı başa çatıb.
Azərbaycan - Fransa Universitetində (UFAZ) keçirilən konfransda «Neft və qaz yataqlarının geologiyası, geokimyası, axtarışı və kəşfiyyatı, karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi, hövzə analizi və karbohidrogen sistemlərinin modelləşdirilməsi», «Neft və qaz yataqların işlənməsi, quyuların qazılması və geomexanika», «Yer təkinin geofiziki üsullarla tədqiqi və neft və qazın axtarışı və kəşfiyyatının müasir texnologiyaları» və «COP29-un ətraf mühitə təsirlərin azaldılması strategiyası və Xəzər dənizinin geoekoloji problemləri» adlı elmi sessiyalar keçirilib.
Konfransda Neft və Qaz İnstitutunun icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov “Xızı tektonik zonasının təbaşır çöküntülərinin litoloji xüsusiyyətləri və neftqazlılıq perspektivliyi haqqında”, İstanbul Gedik Universitetinin professoru Bahaddin Sinsoysal “Bircins mayelərin bir ölçülü fraktal ortamlarda axın probleminin ədədi həlli” və Tel-Əviv Universitetinin professoru Lev Eppelbaum “How does the Iranian lithospheric plate influence the South Caspian Basin?” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransın sonunda gənc alim və mütəxəssislərdən Rahilə Əliyeva “ Qarabağın qoruq və yasaqlıqlarının ekoloji vəziyyəti”, Elməddin Abbasov “Neft hasilatı zamanı yer təkinin çirklənməsinin ekoloji risklərinin təfərrüatları”, Məlahət Məmmədova “Səmt qazlarının yüksək oktanlı benzin komponentlərinə emalı” və Nərmin Ələkbərova “Qlobal istiləşməyə təsir edən amillər” mövzularında məruzələrlə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.