Hüseyn Cavidin vəfatının 83-cü ildönümü ilə əlaqədar ədibin ev muzeyində anım tədbiri keçirilib.
Öncə şairin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan fil.e.d. Gülbəniz Babaxanlı böyük şair Hüseyn Cavidin 1937-ci ildə həbs olunduğunu, 1939-cu ildə Sibirə sürgün edildiyini, 1941-ci ildə orda vəfat etdiyini qeyd edib. Lakin ailə bu xəbəri çox sonralar bildi. O vaxta qədər Cavid ailəsi onun yaşadığına inanırdı. Ona görə də Ərtoğrol Cavid 1943-cü ildə Naxçıvandan yazdığı məktubda qeyd edir ki, mənim yeganə arzum var. Biz dördümüz Naxçıvanda görüşə bilsək. Çünki o – Ərtoğrol Cavidin təbiri ilə desək, babasının yaşadığını zənn edirdi. Lakin 1948-ci ildə məlum oldu ki, Hüseyn Cavid 1941-ci ildə dekabr ayının 5-də vəfat etmişdir. O gündən sonra hər il bu gün Hüseyn Cavdin anım günü kimi qeyd edilir.
Daha sonra tədbir iştirakçılarına ədibin yaşadığı otaqlarda ekskursiya keçirilib və şairin, onun ailəsinin xatirə əşyaları haqqında məlumat verilib.
Tədbir iştirakçıları Elmi ekspozisiya və tərtibat şöbəsinin ədib haqqında hazırladığı sənəd və kitab sərgisi ilə tanış olublar. Sərgilənən materiallar arasında Hüseyn Cavidin əsərləri, nəşinin Sibirdən Vətənə qaytarılmasını əks etdirən fotosənədlər, 32 cildlik “Cavidşünaslıq: araşdırmalar toplusu” tamaşaçıların marağına səbəb olub.
Sonda tədbir iştirakçıları şairin xatirəsinə həsr edilmiş xalça önündə şəkil çəkdiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.