Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
05.12.2024 18:15
  • A-
  • A
  • A+

5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib

Təbrikdə deyilir:

“Müasir Azərbaycanda könüllülük hərəkatının yüksəlişi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra könüllülük sahəsində əsl inkişaf başlayaraq dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq sahəsində insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb və bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komandası yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə yüksək diqqət və qayğısı, fəal dəstəyi könüllülüyün bugünkü yüksək inkişaf səviyyəsinə çatmasını təmin etməklə yanaşı, gənclər üçün yeni fürsətlər yaradıb. 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı, “ASAN” könüllülük hərəkatı ilə də könüllülərin dövlət orqanlarının fəaliyyətinə cəlb edilməsi kimi böyük məktəb yarandı. Xüsusilə son illərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin təşkilinə ümumilikdə on minlərlə könüllü cəlb olunub. Belə tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşıb.

Könüllülük gənclərimizin həyat tərzinə çevrilərək bir çox fəaliyyət sahələrinə nüfuz edib. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası da öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşlü gənclərin kitabxana fəaliyyətinə cəlb edilməsi ilə bu elm məbədinin əhatə dairəsinin genişlənməsinə şərait yaradıb, maraqlı və genişmiqyaslı tədbirlərin keçirilməsində, eləcə də kitabxananın həyata keçirdiyi sosial və kreativ yönümlü layihələrdə yaxından iştirakını təmin edib. AMEA prezidentinin dəstəyi ilə Mərkəzi Elmi Kitabxananın direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovun 24 iyun 2024-cü il tarixli əmrinə əsasən Azərbaycan kitabxana məkanında ilk dəfə olaraq AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “MEK könüllüləri” fəaliyyətə başlayıb.

AMEA-da ilk dəfə könüllü hərəkatı məhz Mərkəzi Elmi Kitabxanada yarandı və bir neçə aydır ki, könüllülər kitabxana işi sahəsində praktiki bilikləri mənimsəyir, spesifik istiqamətlər üzrə fəaliyyətə cəlb olunaraq peşəkar kitabxanaçı kimi formalaşır, eləcə də MEK-də iş effektivliyinin yüksəldilməsində yaxından iştirak edirlər.

Beynəlxalq Könüllülər Günü münasibətilə bütün könüllüləri, o cümlədən Mərkəzi Elmi Kitabxananın könüllülərini təbrik edir, işlərində uğurlar arzulayıram.

İsa HƏBİBBƏYLİ

AMEA-nın prezidenti, akademik

5 dekabr 2024-cü il”

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: