Tənqidçi, ədəbiyyatşünas Namiq Həsən oğlu Babayev 1945-ci il aprelin 8-də Azərbaycanın Şuşa şəhərində müəllim ailəsində anadan olmuşdur.
Orta məktəbi 1963-cü ildə həmin şəhərdə bitirmişdir. Əmək fəaliyyətinə 1963-1964-cü ildə Bakıdakı 2 nömrəli ayaqqabı fabrikində, 2 nömrəli evtikmə kombinatında fəhlə kimi başlamışdır. Sonra 85 nömrəli Bakı Baş Tikinti idarəsində fəhlə (1967-1968), Azərbaycan SSR EA Zoologiya İnstitutunda laborant (1968), Şuşa rayon xalq məhkəməsində dəftərxana katibi (1968-1969), Şuşa şəhər 4 nömrəli orta məktəbdə kargüzar-hesabdar (1970-1974), Azərbaycan dili və ədəbiyyatı müəllimi (1971-1987), eyni zamanda tədris işləri üzrə direktor müavini (1984-1987) və Şuşa rayon xalq maarif şöbəsində məktəblər üzrə inspektor (1981-1984) vəzifələrində çalışmışdır. 1973-cü ildə isə Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1987-ci ildə Şuşada 2 nömrəli orta internat məktəbin tədris işləri üzrə direktor müavini olmuşdur. Folklorumuzu, ədəbi tənqidi, poeziyanı dərindən bilən Namiq Babayev Şuşa “Qönçələr” ədəbi birliyinin təşkilatçılarından olmuşdur. 1988-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olub.
Namiq Babayev ədəbi fəaliyyətə ötən əsrin 70-ci illərindən başlamışdır. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və XX əsr Azərbaycan romantizmi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O klassik Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi tanınmışdır. Bu əsərlə yanaşı, bir çox sanballı nəşrlərdə çap edilən məqalələri ilə elmi-ədəbi ictimaiyyətin diqqətini cəlb edən Namiq Babayev Füzuli irsinə dərindən bələd olan səriştəli tədqiqatçı kimi tanınmışdır. Ötən əsrin 70-ci illərin sonu 80-ci illərin əvvəllərində “Azərbaycan” jurnalında işıq üzü görmüş “Füzulinin bir beyti haqqında”, Məhəmməd Hadinin 100 illik yubileyi münasibəti ilə qələmə aldığı “Füzuli mələkli şairimiz”, “Füzulinin bir arzusu var idi” məqalələrində Namiq Babayev özünü təkcə Füzuli irsinin deyil, eləcə də XX əsr Azərbaycan romantizminin və klassik poetikanın ən çətin sahələrindən olan əruz vəzninin bilicisi kimi göstərilmişdir. Onun klassik və müasir Azərbaycan ədəbiyyatının mühüm problemləri barədə məqalələri dövri mətbuatda vaxtaşırı dərc olunmuşdur.
1985-ci ildə uğurla müdafiə etdiyi namizədlik dissertasiyası klassik poetik ənənələrinin araşdırılması və izlənməsi sahəsində mühüm addımlardan birdir. Burada əsas diqqət Füzuli yaradıcılığının qırmızı xətlə keçən dünya kədərinin açıqlanmasına və bütün romantiklərin yaradıcılığına göstərdiyi təsirin üzə çıxarılmasına yönəlmişdir. Alim Füzulidəki dünya kədərinin spesifikasını üzə çıxarmaq üçün onun xüsusən, nəsr əsərlərində öz əksini tapmış estetik görüşlərinə müraciət etməklə maraqlı elmi nəticələrə gəlmişdir. Namiq Babayevin bu dəyərli əsər “Füzuli şəminin işığında” adında 1996-cı ildə nəşr edilmişdir.
Namiq Babayev 1991-ci il sentyabrın 7-də Şuşada vəfat etmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.