Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.12.2024 15:44
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun 2024-cü il üzrə illik hesabatı dinlənilib

Dilçilik İnstitutunun 2024-cü il üzrə illik hesabatı dinlənilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının 2024-cü il üzrə illik hesabatı dinlənilib.

İclası giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli elmi müəssisədə tədqiqat işlərinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” 2013-cü il 9 aprel tarixli sərəncamlarına müvafiq olaraq yerinə yetirildiyini diqqətə çatdırıb.

Sonra institutun elmi katibi, filologiya elmlər doktoru Aynel Məşədiyeva 2024-cü ildə görülən işlər barədə hesabat məruzəsilə çıxış edib.

Aynel Məşədiyeva bildirib ki, hesabat ili ərzində institutun 13 şöbəsində və 1 laboratoriyasında 1 istiqamət üzrə, 14 problem və 17 mövzu davam etdiriliməkdədir, onlardan 3 mövzu və 96 iş yerinə yetirilmişdir.   

Nadir Məmmədlinin (Tərtibçi, giriş söz və şərhlərin müəllifi), “Divanü lüğat-it-türk (Xalid Səid Xocayevin tərcüməsində)”. I, II, III cild, filologiya elmləri doktoru İdris Abbasovun “Ümumi dilçilik. Dilçiliyin tarixi, nəzəriyyəsi və koqnitiv elmlərin epistemoloji əsasları və “Türk dillərinin funksional morfologiyası “(kollektiv monoqrafiya) kitabları il ərzində ən mühüm elmi nəticələr kimi qiymətləndirilib.

İclasda, həmçinin institutda keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında məlumatlar diqqətə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2024-cü ildə imzaladığı Sərəncamlara əsasən 24 oktyabrda Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Məhəmməd Füzuli poeziyasının dili və üslubu” mövzusunda respublika konfransı keçirilib.

28 iyun 2024-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Mahmud Kaşğari "Divanü lüğat-it-türk”” - 950 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Ümumiyyətlə, 2024-cü il ərzində institutda 49 tədbir keçirilmişdir.

Elmi katib vurğulayıb ki, institutun fəaliyyətini virtual aləmdə əks etdirən dilcilik.az və institutda Azərbaycan dilinin Dövlət dili kimi ümumi informasiya bazasının www.azerbaycandili.az saytları fəaliyyət göstərir.

Tədbirdə fəxri qonaq qismində akademik Nizami Cəfərov və AMEA Rəyasət Heyəti aparatının vitse-prezidenti xidmətinin elmi katibi dosent Hikmət Quliyev iştirak edib.

Hikmət Quliyev çıxışında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işləri yüksək qiymətləndirib. O, dövlət dilinin saflığının qorunmasında dilçi alimlərin mətbuatda və televiziyalarda çıxışlarını xüsusilə vurğulayıb.

Hikmət Quliyev bildirib ki, Böyük Qayıdış, Qərbi Azərbaycan, Dil korpusu və ekolinqvistika  ilə bağlı Dilçilik İnstitutunun gördüyü işlər olduqca aktualdır və zamanla səsləşir.

Tədbirdə çıxış edənlər hesabatla bağlı fikirlərini bildiriblər.

Sonda Dilçilik İnstitutunun Həmkarlar Təşkilatının təşəbbüsü ilə bu il yubileyi olan alimlər Fəxri fərmanla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: