Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.12.2024 15:52
  • A-
  • A
  • A+

Kimya Elmləri Bölməsinin Ümu­­mi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirilib

Kimya Elmləri Bölməsinin Ümu­­mi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirilib

Dekabrın 6-da AR Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA Kimya Elmləri Bölməsinin (KEB) Ümu­­mi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirilib.

Tədbirdə AMEA-nın vit­se-prezidenti akademik Dilqəm Tağıyev, bölmənin Ümumi yığıncağının üzvləri, elmi müəs­sisələrin baş və icraçı direktorları, elmi katibləri, BDU və ADNSU-nun əməkdaşları iştirak edib­lər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, KEB-in Elmi şurasının sədri akademik Dilqəm Tağıyev iclasın Kimya Elmləri Bölməsinə daxil olan  institutların, eləcə də BDU-nun Kimya və ADNSU-nun Kimya texnologiya fakültələrinin 2024-cü ildə aprılmış elmi tədqiqat işlə­ri­nin ye­kunlarına həsr olunduğunu bildirib.

Akademik Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov təmsil etdiyi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, nəşr olunmuş məqalələr, tətbiq olunan işlər, beynəlxalq əlaqələr, keçirilən tədbirlər barədə məlumat verib. Alim bildirib ki, cari ildə elmi müəssisədə 3 istiqaməti əhatə edən 6 problem üzrə aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq 16 mühüm elmi  nəticə əldə edilib. İnstitut tərəfindən quyularda və neftçıxarma borularında asfalt, qətran və parafinçökmənin qarşısının alınması məqsədi ilə təbii neft turşularının törəmələri, yüngül fleqma əsasında (Marka “Parkorin-22 A”) parafinçökmə inhibitor-bakterisidinin istehsalı təşkil olunub. “İNKOR” MMC-də 01.12.2024-cü il tarixinə qədər 128 ton “Parkorin-22 A” inhibitor-depresant parafinçökmə inhibitorunun istehsalı təşkil edilmişdir. Eyni zamanda neft turşuları əsasında alınmış komplekslərinin 1:1 mol nisbətində kompozisiyalarının Yevlax rayonunda MKT İK MMC Yevlax İnnovasiya Filialının pambıq sahəsində boy stimullaşdırıcı kimi sahə sınaqları aparılmış və yüksək nəticələr alınmışdır. Cari ildə institut əməkdaşları tərəfindən əldə edilən nəticələr 65-i xaricdə  olmaqla 179 elmi məqalədə, 254 tezisdə (63 xaricdə), 12 patentdə öz əksini tapmışdır. Həmçinin cari ildə 7 kitab, 3 dərslik  və 4 monoqrafiya çap olunub. 2024-cü ildə institut əməkdaşlarının nəşrlərinə 2277 istinad edilib. Cari ildə institutda 2 qrant layihəsi çərçivəsində tədqiqatlar davam etdirilmiş, 7 yeni qrant layihəsi qalib olmuşdur. Məruzəçi aparılan elmi-tədqiqat işlərinin nəticələri və əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verib.

AMEA-nın vitse-prezidenti, akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev müəssisənin cari ildəki hesabatını təqdim edib. Alim bildirib ki, cari ildə institutda 3 problem üzrə aparılan elmi-tədqiqat  işləri  nəticəsində 10 mühüm elmi nəticə əldə edilib. Aparılmış tədqiqatların nəticələri   157 məqalə (89 xaricdə) və 167 (87 xaricdə) tezis şəklində çap olunub. Cari il ərzində 29 məqalə  Web of Science  və  69 məqalə Scopus bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub. Clarivate Analytics bazasında yer alan ən yüksək impakt faktorlu jurnallarda  çap olunan məqalələrdən  1-i Q1, 15-i Q2, 19-u Q3, 45-i Q4 qrupuna daxildir. 2024-cü  ildə  institut əməkdaşlarının məqalələrinə 2200-dən çox is­ti­­nad­lar edilib. Həmçinin cari ildə institut əməkdaşları tərəfindən 9 monoqrafiya, kitab və dərslik  çap edilmiş, 6 patent alınmış (1-i beynəlxalq) və patent almaq üçün 6 iddia sənədi Əqli Mülkiyyət Agentlyinə təqdim edilərək ilkin ekspertizanın müsbət rəyi alınıb. Cari ildə institutda 1 qrant layihəsi üzrə tədqiqatlar davam etdirilmiş,  3 layihə isə  qrant müsabiqələrinin qalibi olmuşdur.

Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev təmsil etdiyi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən hesabatı təqdim edib. Akademik  bildirib ki, Aşqarlar Kimyası İnstitutunun əməkdaşları tərəfindən 2024-cü ildə 14  mühüm elmi nəticə əldə olunub. Eyni zamanda cari ildə Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılmış “Depressator-AKİ” aşqarının istehsalı institutun “Aşqar” EİB-də bu il də davam etdirilib. Həmçinin institut alimləri tərəfindən turş qudronun emal məhsulundan istifadə edərək mazut əsasında alınan qalıq yanacaqların özlülük və aşağı temperatur xassələrini yaxşılaşdıran əlavənin istehsalı da davam etdirilib. İl ərzində 51 elmi məqalə, onlardan 36 xaricdə (21 məqalə  Web of Science  və Scopus bazalarında, 5 məqalə isə digər beynəlxalq bazalara  daxil olan jurnallarda)  çap olunub, 15 patent alınıb, 3 kitab (onlardan 2-i xaricdə) nəşr olunub. 2024-cü  ildə  İnstitut əməkdaşlarının məqalələrinə 300-ə  yaxın is­ti­­nad­lar edilib.

Polimer Materialları İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov illik hesabat təqdim edərək təmsil etdiyi elmi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr, nəşr olunmuş məqalələr barədə məlumat verib. Alim bildirib ki, Polimer Materialları İnstitutunda cari ildə aparılan elmi-tədqiqat işləri 8  mühüm elmi nəticə ilə yekunlaşıb. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi 56 çap olunmuş məqalədə və 5 kitabda öz  əksini tapmışdır. Məqalələrdən 19-u respublikada, 37-i xaricdə  çap olunub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiya fakültəsinin dekanı prof. Sevinc Məmmədxanova bildirib ki, fakültədə 3 mövzu üzrə elmi tədqiqat işləri aparılıb. Fakültəyə daxil olan kafedraların əməkdaşları tərəfindən cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticəsi 3 monoqrafiyada, 1 dərs vəsaitidə, 8 patent və 451 məqalə və tezisdə öz əksini tapıb. Onlardan 137-i respublikada, 237-ı xaricdə  çap olunub. Onlardan 70-i Web of Science  və Scopus bazalarında indeksləşən jurnallardadır.

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dekanı dosent Fuad Kərimli bildirib ki, fakültədə 4 elmi-tədqiqat və “Sənaye kimyası” laboratoriyaları fəaliyyət göstərir  və 12 mövzu üzrə tədqiqatlar aparılıb. F.Kərimli qeyd edib ki, əməkdaşlarımız tərəfindən cari ildə 7 mühüm nəticə alınıb. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi çap olunmuş 178 məqalədə öz  əksini tapıb. Onlardan 43-ü pespublikada, 178-i xaricdə çap olunub. Bu məqalələrdən 72-i WOS və Scopus bazalarında indekslənmiş jurnallardadır.

Aparılan müzakirələrdə akademik Vaqif Fərzəliyev, akademik Adil Qəribov və başqaları iştirak edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda çıxış edən akademik Dilqəm Tağıyev prioritet istiqamətlər üzrə fundamental tədqiqat işlərinin davam etdirilməsinin, eyni zamanda  iqtisadiyyata töhfə verə bilən tətbiq yönümlü elmi-tədqiqat işləri ilə  bağlı  aparılan araşdırmaların daha da genişləndirilməsinin, o cümlədən hidrogenin energetikası  ilə əlaqəli tədqiqatların vacib olduğunu vurğulayıb. Akademik qeyd edib ki,  elm və təhsilin inteqrasiyası istiqamətində işlər daha da genişləndirilməli, universitetlərlə birgə elmi-tədqiqat işlərinin aparılmasına, layihələrin həyata keçirilməsinə, kadr hazırlığına  xüsusi önəm verilməlidir.

KEB-nin Ümumi yığıncağı  hesabat verən təşkilatların 2024-cü ildə apa­rıl­mış elmi tədqiqat işlə­ri­nin ye­kunlarına dair hesabatların qəbul olunmasına yekdilliklə səs verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: