Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) tanınmış tarixçi-alimlər, Milli Məclisin deputatları, elm, mədəniyyət və din xadimləri, jurnalistlər, Vətən müharibəsi veteranları və qazilərin iştirakı ilə “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı yeni kitabın təqdimatı keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tədbirdə çıxış edərək Azərbaycanın Prezident İlham Əliyev tərəfindən yaradılan iqtisadi-siyasi modelindən danışıb.
Sonra kitabın təqdimatı olub. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin AMEA-nın Tarix İnstitutu ilə birgə hazırladığı, Vətən müharibəsinə həsr edilmiş əvvəlki kitabın davamı kimi nəşr edilən yeni kitab 44 günlük müharibədən keçən dövr ərzində Azərbaycanda baş verən mühüm hadisələrə həsr olunub.
“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabında birgünlük antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin bərpası, Xankəndi, Ağdərə, Əsgəran və Xocavənddə dövlət Bayrağımızın ucaldılması, Xankəndidəki tarixi hərbi parad, qısa zamanda işğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yeni infrastrukturun yaradılması, Böyük Qayıdış Proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı kimi mühüm tarixi hadisələr öz əksini tapıb. Nüfuzlu müəllif heyətinin məqalələrinin toplandığı kitab nəfis tərtibatda çap edilib.
Təqdimat mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatı Elman Nəsirov, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə və digərləri yeni kitabın əhəmiyyətini vurğulayıb, bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə qazanılan nailiyyətlərin təhlilinin, gələcək nəsillərə düzgün çatdırılmasının geniş təbliğində mühüm rol oynayacağını diqqətə çatdırıblar.
Qeyd edilib ki, yeni kitab xarici dillərə də tərcümə olunacaq.