AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) Elmi şurasının növbəti iclası keçirilib.
İclasda Elmi şuranın üzvləri, elmi işçilər və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə Şəki REM-in baş direktoru, fiz.ü.f.d. dos. Yusif Şükürlü iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib, gündəlik səsə qoyularaq qəbul edilib.
Gündəlikdəki ilk məsələ “AMEA-nın Şəki REM-nin 2025-ci il üçün Elmi şura üzvlərinin yeni siyahısının təsdiq edilməsi” haqqında olub.
Yusif Şükürlü bildirib ki, 2025-ci ildən Elmi şuranın yeni tərkibi 15 nəfər elmlər doktoru və fəlsəfə doktorundan ibarət elmi heyət olaraq təsdiqlənib. Direktor Şəki REM-in gələcək elmi fəaliyyətində daha böyük uğur və nailiyyətlər əldə edəcəyinə inamını ifadə edib.
Müzakirəyə çıxarılan növbəti məsələlər “Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər planının hazırlanması və icrası”, eləcə də “Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr” barədə olub. Mərkəzin elmi işlər üzrə direktor müavini fil.e.d., dos. Kamil Adışirinov qeyd edib ki, göstərilən məsələlərlə bağlı 2025-ci il ərzində 9 tədbirin icra edilməsi nəzərdə tutulur.
Sonra bio.ü.f.d. Fərhad Əzizov Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı təklifini səsləndirib. O, “Üzeyir Hacıbəylinin bəstəkarlıq məktəbi və Şəki” mövzusunda tədbirin təşkil edilməsinin zəruri olduğunu nəzərə çatdırıb, təklif səsə qoyularaq qəbul edilib.
Tədbirdə “AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” 7 mart 2025-ci il tarixli qərar barədə elmi katib Vəfa Atayeva məlumat verib. O, şura iştirakçılarını Redaksiya-Nəşriyyat Şurasının yeni tərkibi ilə tanış edib.
Elmi şurada Şəki REM-in Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin 100-cü ildönümü münasibətilə “VII Beynəlxalq Bəxtiyar Vahabzadə Türk Dünyası Dil, Tarix, Mədəniyyət və Ədəbiyyat Konfransı”na tərəfdaş olaraq qoşulması qərara alınıb və konfransın elmi komitəsi üçün 6 nəfərdən ibarət elmi heyət müəyyənləşdirilib.
İclasda, həmçinin “Azərbaycan təhsil tarixinə dair oçerklər” kitabının çapa tövsiyə edilməsi ilə bağlı qərar qəbul edilib.
Bundan başqa, Şəki REM-də yeni şöbənin yaradılması zərurəti ortaya çıxdığından digər iki şöbənin adında dəyişiklik edilməsinə və şöbələrin Ədəbi-mədəni mühit və folklor şöbəsi, Tarix və epiqrafika şöbəsi, Arxeologiya və etnoqrafiya şöbəsi kimi formalaşdırılmasına qərar verilib.
Sonda Bitkilərin biomüxtəlifliyi və Genofond şöbəsinə müdir vəzifəsinə və kiçik elmi işçi vəzifələrinə seçki keçirilib. Biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov Bitkilərin biomüxtəlifliyi və Genofond şöbəsinin müdiri vəzifəsinə, Songül Məmmədova və Aygün Babazadə isə kiçik elmi işçi vəzifələrinə seçiliblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.