Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.12.2024 17:38
  • A-
  • A
  • A+

Tatarıstan Elmlər Akademiyasının nümayəndələri Əlyazmalar İnstitutunun qonağı olublar

Tatarıstan Elmlər Akademiyasının nümayəndələri Əlyazmalar İnstitutunun qonağı olublar

5-10 dekabr 2024-cü il tarixlərində Tatarıstan Respublikası (Rusiya) Elmlər Akademiyası Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun Yazılı İrs Mərkəzinin rəhbəri fil.ü.f.d., dosent İlham Qumerov və həmin institutun aparıcı elmi işçisi fil.ü.f.d., dosent Azat Axunov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi ezamiyyətdə olublar.

Qonaqlar öncə institutun direktoru akademik Teymur Kərimli ilə görüşüblər. Görüşdə, həmçinin Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov iştirak edib.

Əlyazma mədəniyyət abidələrinin tədqiqi, mühafizəsi və bərpası sahəsində azərbaycanlı mütəxəssislərin təcrübəsinin öyrənilməsi, o cümlədən Tatar-Azərbaycan mədəni-tarixi əlaqələrinə dair materialların müəyyən edilməsi məqsədilə ölkəmizə səfər edən alimlər Tatar ədəbiyyatı və tarixi ilə bağlı institutda qorunub saxlanılan qədim əlyazma nümunələrini araşdırmaq və onlar üzərində tədqiqat işləri aparmaq istədiklərini bildiriblər. Qonaqlar, həmçinin gələcəkdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Tatarıstan Respublikası Elmlər Akademiyası Dil, Ədəbiyyat və İncəsənət İnstitutu arasında müştərək elmi layihələrin icrasının mümkünlüyünü də vurğulayıblar.

Görüşün sonunda A.Axunov müəllifi olduğu “Ət-Təbərinin əsərləri XIII-XIV əsr tatar ədəbiyyatının ən qədim mənbəyi kimi”, İ.Qumerov isə “XVII-XX əsrin əvvəllərində tatar əlyazma və çap kitabları sənətinin formalaşması” kitablarını institut kitabxanasına bağışlayıblar. Akademik Teymur Kərimli də öz növbəsində qonaqlara Əlyazmalar İnstitutunun nəşri olan “Azərbaycan multidissiplinar əlyazması: Xəzinədən incilər” kitabını hədiyyə edib.

Ezamiyyət müddətində tatarıstanlı alimlər institutun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.e.d. Raqub Kərimov və Elmi xidmət şöbəsinin müdiri fil.ü.f.d., dosent Nailə Mustafayeva ilə görüşüb, araşdırma aparmaları üçün yaradılan müvafiq şəraitə və göstərilən qonaqpərvərliyə görə əməkdaşlara dərin minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: