Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında təhsil, elmi-tədqiqat sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandumu Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev və ADPU-nun rektoru, professor Cəfər Cəfərov imzalayıblar.
Qarşılıqlı əməkdaşlıq aşağıda qeyd edilən sahələri əhatə edir:
- elmi-tədqiqat və kadr hazırlığı sahəsində Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və ADPU-nun maddi-texniki bazasından və kadr potensialından birgə istifadə;
- tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi;
- tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan bilik, bacarıq və vərdişlərin formalaşdırılması, kimya sahəsində elmi yeniliklərin tədris prosesində tətbiq edilməsi;
- müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması;
- beynəlxalq və ölkə miqyaslı layihə və proqramlarda birgə iştirak;
- professor-müəllim heyətinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ixtisasartırmada olmasının təşkili;
- doktorant, magistrant və tələbələrin qarşılıqlı təcrübə keçməsinin təşkili
- birgə elmi simpozium, seminar və konfransların təşkili;
- müvafiq ixtisas sahələri üzrə birgə elmi əsərlərin, çap edilməsi, monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin hazırlanması;
- əldə olunan mühüm elmi nəticələrin müvafiq ixtisas və ixtisaslaşmalar üzrə tədris proqramlarına daxil edilməsi;
- magistr və doktorluq dissertasiya mövzularının, müştərək elmi rəhbərlərin müəyyən edilməsi və s.
Qeyd edək ki, imzalanma mərasimində Kataliz və Qeyri üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, institutun elmi katibi, baş elmi işçi Mina Münşiyeva, laboratoriya müdiri prof. Akif Əliyev, institutun təhsil şöbəsinin müdiri, dosent Sevinc Məmmədova, ADPU tərəfdən-kimya və biologiya fakültəsinin dekanı, dosent Reyhan Ağayeva, dekan müavini dosent Bəsdi Əsədova, Ümumi Kimya və KTT kafedrasının müdiri, dosent Kəmalə İsgəndərova, Analitik və üzvi kimya kafedrasının müdiri, prof. Əli Zalov iştirak etmişlər.
Tədbir iştirakçıları memorandumdan irəli gələn məsələləri müzakirə etmiş, yaxın zamanlar üçün görüləcək işlər barəsində təkliflərini vermişlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.