Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.05.2025 11:09
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetində keçirilən forum və karyera sərgisində iştirak edib

Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetində keçirilən forum və karyera sərgisində iştirak edib

Sumqayıt Dövlət Universitetində gənclərin əmək bazarına inteqrasiya və peşəkar fəaliyyətə təşviqi məqsədi daşıyan “Sənaye ilə həmrəylik: İstehsalatın gücü və qlobal təsirlər” mövzusunda forum və karyera sərgisi keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən AMEA-nın müxbir üzvü Əminağa Sadıqov forumu açaraq iştirakçıları salamlayıb. Forumun karyera qurmaq istəyənlər üçün yaxşı fürsət olduğunu vurğulayan rektor Sumqayıt kimi sənaye mərkəzində fəaliyyət göstərən Sumqayıt Dövlət Universitetinin müəssisələrlə qarşılıqlı əlaqəsinin, faydalı əməkdaşlığın yüksəkixtisaslı kadr hazırlanmasına kömək etdiyini bildirib. Tədbirin əmək bazarının tələblərini öyrənmək üçün əhəmiyyətini xüsusi olaraq vurğulayan Əminağa Sadıqov günümüzdə universitetlərin vəzifəsinin təkcə Azərbaycanda deyil, bütün dünyada ən çox informasiya texnologiyaları, süni intellekt, proqramlaşdırma sahəsində kadr ehtiyacına cavab verəcək kadrların yetişdirilməsi olduğunu qeyd edib. Prezident İlham Əliyevin ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə həmin ixtisasların prioritetə çevrildiyini söyləyib, universitetlərin qarşısında duran perspektivlərdən söz açıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Hicran Hüseynova və Mehriban Vəliyeva, Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri Əbdül Bayramov əmək bazarında sərt tələblərin hökm sürdüyü vaxtlarda ölkənin ali, orta-ixtisas və peşə təhsili məktəblərinin üzərinə düşən vəzifələrdən danışıb, bu şəraitdə gəncliyin bilik-bacarıqlarının həlledici rolunu xatırlatdıblar.

Forumdan sonra universitetin rektoru vəzifəsini icra edən Əminağa Sadıqov və qonaqlar kampusda təşkil olunan karyera sərgisi ilə tanış olublar. Universitetin tələbə və məzunları sərgidə ixtisaslarına uyğun real karyera imkanları ilə tanış olmaq və işəgötürənlərlə əlaqə qurmaq fürsəti əldə ediblər.

Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutu tərəfindən təqdim edilən stend iştirakçılar və qonaqlar tərəfindən maraqla qarşılanıb. Polimer Materialları İnstitutunun Patent tədqiqatları və innovasiya şöbəsinin müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qasımova, o cümlədən şöbənin əməkdaşları - mühəndis Аidə Tаğıyеvа və innovasiya üzrə mütəxəssis Fidan Ağayeva institutun fəaliyyəti və nailiyyətləri haqqında iştirakçılara ətraflı məlumat veriblər.

Forum universitet tələbələrindən ibarət özfəaliyyət qrup üzvlərinin konsert proqramı ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: