Azərbaycan xalqının müdrik rəhbəri və dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə əlaqədar AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım tədbirini giriş sözü ilə açan institutun baş direktoru akademik İradə Hüseynova müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib. Azərbaycan məhz Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, zəngin dövlətçilik təcrübəsi sayəsində məhv olmaq təhlükəsindən xilas olaraq, inkişaf və yüksəliş yoluna qədəm qoyub. Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb.
Akademik qeyd edib ki, Heydər Əliyevin Azərbaycan üçün iki böyük yadigarı olub. Biri müstəqil, suveren Azərbaycan dövləti, digəri isə Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Məhz Ümummilli Lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin etmişdir.
Tədbirdə AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmlər doktorları Atabəy Cahangirov, Səftər Süleymanov, biologiya üzrə fəlsəfə doktorları Ulduza Qurbanova, Səadət Xudaverdiyeva, institutun doktorantı Ruslan Süleymanov və kiçik elmi işçi Aygün Mustafazadə çıxış edərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tarixi xidmətləri barədə fikirlərini bildiriblər.
Sonda Ulu Öndərə həsr olunmuş videoçarx nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.