AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) kollektivi Ulu Öndər Heydər Əliyevin abidə kompleksini ziyarət edib, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıb.
Ziyarətin ardından Şəki REM-in akt zalında Ümummilli Liderin anım günü ilə bağlı tədbir təşkil olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının xatirəsi yad edilib.
Şəki REM-in direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü müasir dünya tarixinə parlaq və silinməz izlər qoymuş dahi şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat yolunun yüksək əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəb olduğunu qeyd edib.
Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimov Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərin tariximizə intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olduğunu söyləyib. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və onun yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğurun Ulu Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsi olduğunu vurğulayıb.
Sonda görkəmli şəxsiyyət Heydər Əliyevin xatirəsini əks etdirən videoçarx nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.