Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

13.12.2024 10:36
  • A-
  • A
  • A+

Tarixi görüş

Tarixi görüş

əvvəli https://xalqqazeti.az/az/siyaset/206197-tarixi-gorus

Artıq bizi gözləyən təhlükə nəinki sovuşdu, bizim respublikanın başqa ölkələr qarşısında nəyə qadir olduğu göstərildi.

Heydər Əliyev cənabları eyni zamanda, göstərdi ki, EA-nın böyük intellektual imkanları var. Bu xalq gələcək dünya sivilizasiyasına öz töhfələrini verə bilər.

Mən də 31 yanvardakı görüşün təsiri altındayam… Akademiyaya heç vaxt belə status verilməmişdi. …Elmlər Akademiyası bütün siyasi proseslərdə respublika Prezidentini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir”.

Akademik Fuad Qasımzadə Azərbaycan tarixinin Heydər Əliyev epoxasının mühüm tarixi hadisələrini nəzərə çatdırmışdır: “Sizi inandırıram, əvvəllər Moskvada deyəndə ki, biz Azərbaycandanıq, çoxusu belə bir respublikanı tanımırdı. Ancaq Bakını tanıyırdılar. Onu da nefti ilə tanıyırdılar. Hörmətli Prezidentimiz orada 5 il işləyəndən sonra Azərbaycanı şöhrətləndirdi… İndi bizim respublika ilə hesablaşırlar.

Heydər Əliyev cənabları uzun müddət Azərbaycana rəhbərlik edərkən Leonid İliç Brejnev 3 dəfə Azərbaycana gəldi. “Azərbaycan iri addımlarla addımlayır” – dedi. Bunu bütün dünya bildi.

…XIX-XX əsərlər tarixinin yazılması fikri tamamilə doğrudur…

…Əminəm ki, 31 yanvar bizim hamımız üçün dönüş nöqtəsi olmalıdır.

Hörmətli Prezidentimiz əmin ola bilər ki, Azərbaycan alimləri öz işlərində böyük dönüş yaradacaqlar”.

Elmlər Akademiyasında əlamətdar tarixi günlər və dönüş nöqtəsi olan, 27 il bundan əvvəl baş vermiş, 31 yanvar və 7 fevral 1997-ci il tarixli hadisələrdə iştirak və çıxış edənlərdən bir çoxu hazırda ölkəmizin elm və ali təhsil sahəsində fəaliyyətlərini davam etdirir, ali qanunverici orqanımız olan Milli Məclisdə təmsil olunur. Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev, AMEA-nın müşaviri, akademik Telman Əliyev, təqaüdçü akademik Ramiz Rizayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, müxbir üzvü Rafiq Əliyev, Bakı Dövlət Universitetinin kafedra müdirləri, akademik Vasif Babazadə və müxbir üzv Məsumə Məlikova, Fizika İnstitutunun laboratoriya müdiri, akademik Təyyar Cəfərov ölkə maraqlarına xidmət edən elm və təhsil siyasətinin uğurla həyata keçirilməsi və Elmlər Akademiyasının yenidən qurulması yollarında uzun illər ərzində davamlı olaraq fəaliyyət göstərməklə vaxtilə Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş strategiyanın böyük inkişafa gətirib çıxardığını rəhbərlik və təmsil etdikləri sahələrdəki əməli işləri və qazandıqları nailiyyətləri ilə bir daha nümayiş etdirirlər.

Azərbaycan elminin qızıl fondunu təşkil edən bu görkəmli alimlərdən akademik Akif Əlizadənin, akademik Telman Əliyevin, akademik Vasif Babazadənin, müxbir üzv Məsumə Məlikovanın AEA-nın 7 fevral 1997-ci il tarixli ümumi yığıncağındakı çıxışlarında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin irəli sürdüyü elmin və Akademiyanın inkişaf konsepsiyası dönmədən müdafiə edilmiş və təmsil olunduqları sahələrdə bacarıqla yerinə yetirilmişdir. Beləliklə, Azərbaycanda elm və təhsil müstəqillik dövrünün yüksək idealları əsasında inkişaf etdirilərək, ölkəmizin ümumi yüksəlişinə xidmət göstərmişdir.

Akademik Akif Əlizadənin çıxışından: “Azərbaycan Respublikası müstəqillik əldə edəndə ağır günlər keçirib. Şükürlər olsun ki, Heydər Əliyev cənablarının səy və bacarığı nəticəsində xalqımız böhrandan çıxa bilmişdir... Siyasi sabitlik bərqərar olmuşdur.

…Neft kontraktları ilə əlaqədar tez-tez xaricdə oluram. Orada ardıcıl olaraq şahidi oluram ki, dövlətimizin, respublikamızın böyük rəhbərinə nə qədər hörmət yüksəlmiş və get-gedə də yüksəlməkdədir.

31 yanvar 1997-ci il doğrudan da tarixi bir gündür. Möhtərəm Prezidentimiz Heydər Əliyevlə görüş zamanı onun nitqi hamımızı heyran etdi. Həmin çıxışda möhtərəm Prezidentimiz Elmlər Akademiyasına yüksək qiymət vermiş, müstəqil Azərbaycanın elmi haqqında əsaslı fikirlər irəli sürmüşdür.

…Tamamilə belə hesab edirəm ki, müstəqil Azərbaycan elmimizin strategiyası barədə düşünülməlidir… Təhsil və elm münasibətlərinə yenidən baxılmalıdır!!!”

Akademik Telman Əliyevin çıxışından:

“…Artıq 40 ildir ki, akademiyada işləyirəm. Bu 40 ilin müddətində ilk dəfə olaraq akademiyamızın, elmimizin strategiyasının belə düzgün qoyulmasının… şahidiyik… Bundan belə nəticə çıxartdım ki, əlimizi çırmayıb yeni formada işimizi qurmalıyıq… İndi akademiyada əsl işləmək şəraiti yaranıb. İndi bizim akademiya daha çox xeyir verə bilər. Biz islahat keçirməliyik… Biz gərək paylanmış informasiya sistemi yaradaq. Belə olduqda ümumdünya informasiya sistemlərinə qoşula bilərik.”

Akademik Vasif Babazadənin çıxışından: “1990-cı illərin əvvəllərində Azərbaycan Xalq Cəbhəsi hakimiyyətdə olarkən akademiyanın qalıb-qalmaması haqqında söhbətlər gedirdi. Xalqın iradəsi ilə… Heydər Əliyev cənabları hakimiyyətə gələndən sonra bu cür hakimiyyətə son qoyuldu… 3 ilə yaxındır ki, cəbhə bölgələrində qan tökülmür. Azərbaycan artıq özünün müstəqil Konstitusiyasını qəbul edib. Lissabon Sammitində Azərbaycanın haqq sözü bütün dünyaya yayıldı”.

Müxbir üzv Məsumə Məlikova: “31 yanvar EA-nın tarixində yeni səhifədir. Görüş bununla əlamətdardır ki, möhtərəm Prezidentimiz akademiyanın qarşısında mühüm vəzifələr irəli sürdü və elmin müxtəlif sahələri üzrə istiqamətləri müəyyən etdi.

…Hazırda respublikamız demokratik yol ilə inkişaf edir…. İlk dəfədir ki, Azərbaycan Respublikası beynəlxalq miqyasda öz yerini tutmuşdur. Hüquqi islahatlar keçirilir. Bütün bunlar Heydər Əliyev cənablarının xidmətləridir».

Göründüyü kimi, 31 yanvar 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Elmlər Akademiyanın rəhbər heyəti və respublikamızın tanınmış alimləri ilə görüşü və həmin görüş zamanı dövlət başçımız tərəfindən irəli sürülmüş vəzifələr ölkə elminin və EA-nın inkişafında mühüm rol oynamışdır. Bu tarixi görüşdə və ondan sonra keçirilmiş Elmlər Akademiyasının ümumi yığıncağında aşağıdakı məsələlər həll edilmişdir:

1. Elmlər Akademiyasının bağlanması, ləğv edilməsi haqqındakı fikirlərə son qoyulmuşdur.

2. Akademiyanın statusu məsələsi həll edilmişdir.

3. Ölkəmizin akademiya qurumuna Milli Elmlər Akademiyası statusu verilmişdir.

4. Müstəqillik şəraitində Akademiyanın yenidən qurulmasının zəruriliyi meydana qoyulmuş, bundan sonrakı dövr üçün əsas istiqamətləri müəyyən olunmuşdur.

5. Elmlər Akademiyasının müstəqil Azərbaycan dövlətimizin inkişafına xidmət etməsi xətti müəyyən olunmuşdur.

6. Elmlər Akademiyasının yeni inkişaf strategiyasının hazırlanması tapşırığı verilmişdir.

7. Azərbaycan alimlərinin müstəqil Azərbaycan dövlətinin rəhbərinin ətrafında daha sıx birləşdirilməsi təmin edilmişdir.

8. Nəhayət, 31 yanvar 1997-ci il tarixdə Prezident İqamətgahında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bir qrup elm adamlarının iştirakı ilə elmin və akademiyanın inkişafı ilə əlaqədar müəyyən etdiyi siyasi xətt, irəli sürdüyü müddəalar, qarşıya qoyduğu vəzifələr akademiyanın 7 fevral 1997-ci il tarixli ümumi yığıncağında ölkəmizin elmi ictimaiyyətinə, akademiya əməkdaşlarına çatdırılmışdır.

9. Elmlər Akademiyası yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Ən nəhayət, Azərbaycan Elmlər Akademiyasının 7 fevral 1997-ci il tarixli iclasında gizli səsvermə ilə akademik Fəraməz Maqsudov EA-nın prezidenti seçilmişdir. Hesablama Komissiyasının sədri, Zoologiya İnstitutunun direktoru, akademik Musa Musayevin rəhbərliyi (üzvlər akademik Hacıbəy Sultanov, akademik Toğrul Şahtaxtinski) ilə aparılan səsvermədə iştirak edən 34 nəfər Akademiyanın həqiqi üzvündən 33 nəfəri akademik Fəraməz Maqsudovun lehinə, 1 nəfər isə əleyhinə səs vermişdir.

Elmlər Akademiyasının kollektivi adından Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə ünvanlanmış Müraciət həm dövlət başçısının ölkənin və elmin inkişafı sahəsindəki böyük xidmətlərinə verilən yüksək elmi qiymətin, həm Elmlər Akademiyasının minnətdarlıq borcunun ifadəsi və həm də alimlərimizin müstəqil Azərbaycan Respublikasının rəhbəri qarşısındakı yeni öhdəliklərinin bəyannaməsidir. Ümumi yığıncaqda akademik Bəkir Nəbiyevin səsləndirdiyi dərin məzmuna malik olan həmin tarixi müraciətdə deyilirdi: 

“Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyev cənablarına Azərbaycan Elmlər Akademiyası Ümumi yığıncağı iştirakçılarının

M Ü R A C İ Ə T İ

 

Möhtərəm Prezident!

Respublikamızın elmi ictimaiyyəti Sizin Elmlər Akademiyasının üzvləri ilə görüşünüzü tarixi bir hadisə kimi yüksək qiymətləndirir. Çoxdan gözlədiyimiz bu görüşdə Siz maddi sıxıntılar keçirən alimlərə yaşamaq və işləmək üçün maddi-mənəvi qarant verdiniz. Öz tarixi ənənələrini və nüfuzunu itirmək təhlükəsi altında olan, 1989-cu ildən bəri elmə dəxli olmayan bir para yarımçıq siyasətçilər, səriştəsiz rəhbərlər tərəfindən mənfi imici yaradılmış Akademiyanın cəmiyyətdə özünəməxsus rolunu və statusunu müəyyən etməklə elmimizin gələcək inkişafına zəmin yaratdınız. Sizin çox doğru olaraq qeyd etdiyiniz kimi, Azərbaycan Elmlər Akademiyası Azərbaycan dövlətinə mənsubdur və bilavasitə Respublika Prezidentinin tabeçiliyində olmalıdır.

Möhtərəm Prezident! Özünüzün dediyiniz kimi Akademiyanın 52 illik tarixinin yarısından çoxu Sizin həyatınız və rəhbərliyinizlə bağlı olmuşdur. Məhz Sizin rəhbərliyiniz dövründə Azərbaycan Elmlər Akademiyası dünya şöhrəti qazanmış, burada çalışan alimlər dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Bu gün Akademiyada çalışan istedadlı alimlərin bir çoxu Sizin xeyir-duanızla keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil mərkəzlərində oxumuş, yüksək ixtisaslı kadrlar kimi Vətənə qayıtmışlar.

Hörmətli Prezident! Siz bu tarixi görüşdə müstəqil Azərbaycan Respublikasının Elmlər Akademiyasının strateji konsepsiyasının əsas istiqamətlərini müəyyən etdiniz. Xalqımızın müstəqillik şəraitində siyasi, iqtisadi və mənəvi sahələrdəki problemlərinin həllində alimin və elmin rolunun nədən ibarət olduğunu göstərdiniz. Sizin xalqımızın tarixinə, mənəvi mədəniyyətinə xüsusi diqqətiniz, iqtisadi çətinliklərə baxmayaraq bu sahələrin öyrənilməsinə, XIX–XX əsrlər tariximizin tədqiqinə xüsusi maddi təminat verməyiniz böyük vətəndaşlıq xidmətidir.

Elmlər Akademiyasının alimləri Sizin müdrik daxili və xarici siyasətinizi həmişə dəstəkləmişlər və bundan sonra da dəstəkləyəcəklər. Onlar bunu Respublikamızın həyatının ən çətin anlarında sübut etmişlər. Bütün Azərbaycan xalqı kimi alimlər də mövcud hakimiyyətə zidd qüvvələrin qanunsuz hərəkətlərini pisləmiş, xalqımızın seçdiyi Prezidenti qətiyyətlə dəstəkləmişlər.

Möhtərəm Prezident!

Elmlər Akademiyasının alimləri Sizin qayğı və diqqətinizdən ruhlanaraq Azərbaycan elminin inkişaf etdirilməsi və suveren, müstəqil Azərbaycan Respublikasının tərəqqisi üçün əllərindən gələni edəcəklər.

Sizə Azərbaycan xalqının rifahı naminə gərgin, yorulmaz fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq!

AEA Ümumi Yığıncağının iştirakçıları, 7 fevral 1997-ci il”.

Göründüyü kimi, Elmlər Akademiyası rəhbərliyi və elmi heyətinin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə 31 yanvar 1997-ci il görüşü akademiyanın inkişafında yeni tarixi mərhələnin – müstəqillik dövrünün əsaslarını, gələcək fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmişdir. Ona görə 31 yanvar 1997-ci il görüşü, yaxud müşavirəsi müstəqil Azərbaycan dövlətinin elm siyasətinin prioritetlərini meydana qoymuş mühüm hadisədir. Prezident Heydər Əliyevin sədrliyi ilə aparılan müzakirələr, qarşıya qoyulan vəzifələr Azərbaycan Elmlər Akademiyasının müstəqillik dərsləri kimi xüsusi əhəmiyyətə malikdir.

Bundan sonra Heydər Əliyevin imzaladığı 15 may 2001-ci il tarixli fərmanla akademiyaya Milli Elmlər Akademiyası statusu verilməsi ilə bu ali dövlət elmi təşkilatının Azərbaycan elminin keçmiş sovet ideologiyasının təsirlərindən ayrılaraq, xalqımızın milli maraqlarına və ölkəmizin dövlətçilik mənafelərinə xidmət etmək vəzifəsinə doğru istiqamətləndirilməsi məsələsi rəsmi şəkildə həll edilmişdir. Bu mənada Prezident Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası haqqındakı 15 may 2001-ci il tarixli, 4844 saylı fərmanı Elmlər Akademiyasının tarixində və taleyində dönüş yaratmış dövlət qərarı kimi mühüm elmi və siyasi əhəmiyyətə malikdir. Məhz həmin fərmanla müstəqil Azərbaycan Respublikasında ölkəmizin və xalqımızın milli və dövlətçilik mənafelərinə xidmət edən akademiya yaratmaq quruculuğu başa çatdırılmışdır.

Ulu öndər Heydər Əliyev 15 may 2001-ci il tarixdə imzaladığı fərmanla bundan əvvəlki rəhbərliyin təsdiq etdiyi “Azərbaycan Elmlər Akademiyasının statusu haqqında” 15 may 1991-ci il tarixli sərəncamın mətnində qeyd edilmiş akademiyanı ölkədən təcrid edilməyə aparan, müstəqillik dövrünün dərk olunmamış eyforiyasından doğan “müstəqil” ifadəsini “milli” sözü ilə əvəz etməklə və “ali dövlət elmi təşkilatı” ifadələrini dövlət sənədi səviyyəsində rəsmiləşdirməklə Elmlər Akademiyasının müstəqillik dövründəki strategiyasını müəyyən etmişdir.

Heydər Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası haqqında”kı 15 may 2001-ci il tarixli fərmanın preambula hissəsində öz əksini tapmış müddəalar və əsas istiqaməti müəyyən edən ayrıca maddə də ifadə olunan mətləblər Azərbaycan elminin və Elmlər Akademiyasının müstəqillik dövründəki gələcək inkişafının əsas mahiyyətini və istiqamətlərini özündə əks etdirir. Fərmanda deyilirdi: “Azərbaycan Respublikasında milli elmi potensialın qorunub saxlanılması, gücləndirilməsi, xalqımızın tarixi və mədəniyyəti ilə bağlı araşdırmaların müasir standartlar səviyyəsində aparılmasının təmin edilməsi, fundamental elmi tədqiqatların əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, elmi fəaliyyətin həyata keçirilməsi üçün daha əlverişli şəraitin yaradılması məqsədilə qərara alıram:

1. Azərbaycan Elmlər Akademiyasının ali dövlət elmi təşkilatı olduğunu nəzərə almaqla Azərbaycan Milli Elmlər Akademiyası adlandırılsın.

2. Azərbaycan Elmlər Akademiyası bir ay müddətində Akademiyanın Nizamnaməsinin layihəsini, onun strukturu ilə, habelə elmi potensialından və tərkibindəki müəssisələrin maddi-texniki bazasından istifadə olunmasının effektivliyinin artırılması ilə bağlı təkliflərin hazırlayıb, Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2001-ci il, №4844”.

Bütün bunlara görə Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası haqqında” 15 may 2001-ci il tarixli fərman Milli Elmlər Akademiyasının müstəqillik dövrünün fəaliyyət proqramı və yol xəritəsidir. Bundan sonra görkəmli dövlət xadimi Heydər Əliyev 4 yanvar 2002-ci il tarixdə “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” fərmanı imzalamaqla “ali dövlət elmi təşkilatı” statusu verdiyi akademik qurumun müstəqillik epoxasındakı fəaliyyətini yeni üfüqlərə çıxarmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurub-yaratdığı möhtəşəm Azərbaycanda cəmiyyət həyatının bütün sahələri ilə yanaşı, Milli Elmlər Akademiyasının və ölkə elminin qarşılıqlı surətdə yeni tarixi mərhələdə müasir tələblər səviyyəsində inkişafı üçün geniş perspektivlər açılmış, müasir dövrün reallıqlarından doğan məsul vəzifələr müəyyən edilmişdir. Hazırda Milli Elmlər Akademiyası öz fəaliyyətinin yeniləşmə dövrünün reallıqları mərhələsini yaşayır. Prezident İlham Əliyevin müəyyən etdiyi yeni tarixi mərhələnin ümummilli idealları və dünyaya inteqrasiya prosesinin prioritetləri Milli Elmlər Akademiyasının fəaliyyətini istqamətləndirən əsas prinsiplərdir. Azərbaycan alimləri, Milli Elmlər Akademiyasının kollektivi Prezident İlham Əliyevin rəhbərliyi ilə elmimizin və ictimai fikrimizin ölkəmizin inkişafına daha fəal surətdə xidmət göstərmələri üçün məsuliyyətlə çalışmaqda davam edirlər.

İsa HƏBİBBƏYLİ,

AMEA-nın prezidenti, akademik

“Xalq qəzeti”

  • Paylaş: