Son illərdə Azərbaycan elminin dünyaya inteqrasiyası, Azərbaycandan olan alimlərin tədqiqatlarının nəticələrinin dünyanın nüfuzlu ölkələrinin elmi nəşrlərində yer alması istiqamətində məqsədyönlü işlər aparılır. Bu günlərdə Böyük Britaniyanın Cambridge Scolars Publishing nəşriyyatı tərəfindən çap edilən “Avropada Krallıq və Respublika: 1920-ci illərin əvvəllərində siyasi quruluşlar” adlı kitabda Almaniya, İsveç, Çexiya, Slovakiya, Rumıniya, Yunanıstan, İtaliya və digər ölkələrin alimləri ilə yanaşı, iki Azərbaycanlı alimin müəllifi olduqları bölmələr də yer alıb.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadənin “Qacarlar monarxiyasının Cənubi Qafqazda respublikaçılığın yüksəlişinə və yeni müstəqil dövlətlərin yaradılmasına münasibəti” adlı bölmədə çar Rusiyasının süqutundan sonra müstəqilliyini əldə etmiş Azərbaycan Xalq Cümhuriyyəti ilə Qacarlar dövlətinin əlaqələri geniş təhlil edilmişdir. Müəllif bu münasibətləri Azərbaycanlıların idarə etdiyi imperiya ilə eyni millətin nümayəndələrinin qurduğu respublika arasında münasibətlər kimi xarakterizə etmiş, bununla belə münasibətlərin inkişafını və problemləri göstərmişdir. Bölmədə, həmçinin Qacarlar dövləti – Gürcüstan münasibətlərinə də diqqət yetirilmişdir. Əsərdə ermənilərin Qafqaza köçürülərək tarixi Azərbaycan ərazilərində yerləşdirilməsi, burada 1918-ci ildə onlar üçün dövlət yaradılması, Qacarlar dövlətinin bu dövlətə münasibətinə dair də mühüm faktlar verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirlinin müəllifi olduğu məqalə isə “1920-ci illərin əvvəllərində Azərbaycanda siyasi vəziyyətin Avropa ölkələri ilə müqayisəli təhlili” adlanır. Müəllif XX əsrin 20-ci illərində Azərbaycandakı siyasi vəziyyət, siyasi sistemin başlıca məsələlərini təhlil etmiş, Avropadakı tarixi-siyasi proseslərin Azərbaycana təsirlərinə toxunmuşdur. Bununla yanaşı, həmin dövrdə Avropa dövlətləri ilə Azərbaycandakı siyasi sistemin müqayisəli təhlilini aparmışdır. Müəllif bu bölmədə, həmçinin o zaman mövcud olan siyasi şəraitin sonrakı dövrlərə təsirlərinə diqqət yetirmiş, müasir dövrlə müəyyən müqayisəli təhlillər aparmışdır.
Qeyd edək ki, kitabın redaktorları Rumıniyadan olan alimlər Sorin Arhire, Tudor Roşu və Kalin Anğeldir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.