AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Füzuli – 530” adlı tədbirində iştirak ediblər.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) baş tutmuş tədbirdə institutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Nuranə Ələkbərova “Dahi Azərbaycan şairi Füzuli”, həmin şöbənin elmi işçisi Jalə Rüstəmova isə “Füzuli yaradıcılığı əlyazmaçı alimlərin tədqiqatlarında” mövzularında məruzə ediblər. Məruzələr tədbir iştrakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Tədbirdə həmçinin ADNSU Humanitar fənlər kafedrasının müəllimi Könül Abdullayeva və millət vəkili, professor Aydın Mirzəzadə çıxış edərək ölməz şairin əvəzsiz irsindən söz açıb, Prezident İlham Əliyevin Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə imzaladığı Sərəncamı Füzuli irsinə verilən dəyərin təzahürü kimi qiymətləndiriblər.
Tədbirin bədii hissəsində “Məhəmməd Füzulinin əsərləri bu gün” adlı tamaşa nümayiş olunub.
Qeyd edək ki, yubiley tədbiri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.