AMEA-nın Folklor İnstitutunda böyük mütəfəkkir və maarifpərvər alim Abbasqulu ağa Bakıxanovun anadan olmasının 230 illiyinə həsr olunmuş “Abbasqulu ağa Bakıxanov və milli-mənəvi dəyərlər” mövzusunda elmi sessiya keçirilib.
Folklor və yazılı ədəbiyyat şöbəsinin təşkilatçılığı ilə gerçəkləşən elmi sessiyanı institutun direktoru v.i.e. fil.ü.f.d., dos. Afaq Ramazanova açaraq tədbirin əhəmiyyətindən bəhs edib, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən biri, böyük alim, istedadlı şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun bədii və elmi yaradıcılığı barədə danışıb, ensiklopedik biliyə malik olan ədibin müstəsna xidmətlərindən söz açıb.
Sonra elmi sessiyanın məruzələri dinlənilib. İnstitutun aparıcı elmi işçisi fil.ü.f.d., dos. Sevinc Əliyeva “Abbasqulu ağa Bakıxanovun əsərlərində ailə və övlad tərbiyəsi” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, Abbasqulu ağa Bakıxanov “Təhzibül-əxlaq” və “Nəsihətlər” əsərlərində gənc nəslin, uşaqların təlim-tərbiyə məsələlərinə ciddi yanaşmış, dövrün gəncliyini əxlaq baxımından kamil olmağa çağırmışdır. Aktuallığını bu gün də qoruyub saxlayan həmin əsərlərdə xalq hikməti, xalq ədəbiyyatından bəhrələnmə də özünü göstərir.
Daha sonra aparıcı elmi işçi, fil.ü.f.d., dos. Gülnar Osmanovanın “Abbasqulu ağa Bakıxanovun yaradıcılığında maarifçilik ideyası və milli özünüdərk” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Abbasqulu ağa Bakıxanovun XIX əsrdə xalqımızın maariflənməsi, inkişaf səviyyəsinin yüksəlməsi və özünüdərkində göstərdiyi mühüm xidmətlərdən bəhs olunub. Qeyd edilib ki, ədib Azərbaycan elmi tarixşünaslığının banisi olmaqla yanaşı, həm də dövrünün ilk milli ideoloqu və milli maarifçisi olmuşdur. Abbasqulu ağa Bakıxanov elə təkcə “Gülüstani-İrəm” əsərini yazmaqla tariximizi, coğrafiyamızı, etnoqrafiyamızı, ədəbiyyatımızı bizə tanıtmış, eləcə də azərbaycançılıq ideyasının əsasını qoymuşdur.
Aparıcı elmi işçi, fil.ü.f.d. Xəyalə Ağayeva isə “Gülüstani-İrəm” əsərində və xalq yaradıcılığında vahid vətən mövzusu” başlıqlı məruzəsində bildirib ki, Abbasqulu ağa Bakıxanov bu əsərdə vətən problemini qoymaqla bölünmüş vətənin faciəsini göstərmişdir. Bu da onun vətənə, milli mədəniyyətə bağlılığından irəli gəlirdi. Şifahi xalq yaradıcılığında da vətən sevgisinin ön planda olduğunu vurğulayan məruzəçi folklor örnəklərindən nümunələr gətirərək fikirlərini əsaslandırıb.
Məruzələrdən sonra elmi sessiyada iştirak edən “Carçı” Araşdırma Mərkəzinin sədri, tədqiqatçı-jurnalist Sərxan Carçı çıxış edərək müxtəlif mövzularda qiymətli əsərlərin müəllifi olan Abbasqulu ağa Bakıxanovun zəngin elmi və bədii irsindən söz açıb, təsisçisi və baş redaktoru olduğu “Carçı ekspress” jurnalının builki 6-cı sayının məhz görkəmli şəxsiyyətin 230 illik yubileyinə həsr olunduğunu vurğulayıb və həmin jurnalı Folklor İnstitutunun kitabxanasına hədiyyə edib.
Tədbirin sonunda qonağa institutun nəşrləri və audio-disklər hədiyyə olunub və xatirə şəkilləri çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.