Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu və Akademiyanın Gəncə Bölməsi tərəfindən görkəmli fizik alim, Əməkdar elm xadimi, akademik Maqsud Əliyevin 100 illiyinə həsr olunmuş “Fizikanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Nüfuzlu elmi tədbirə Azərbaycan və MDB ölkələrinin elmi tədqiqat və ali təhsil ocaqlarını təmsil edən fizik alimlər qatılıblar.
Konfransın iştirakçıları Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, onun önünə güllər qoymaqla, müasir Azərbaycan dövlətinin qurucusunun xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra konfransın keçirildiyi AMEA-nın Gəncə Bölməsinin böyük akt salonunun önündə görkəmli alimin həyatı, onun Azərbaycan və dünya elminə göstərdiyi xidmətlərdən bəhs edən sərgiyə baxış keçirilib.
Konfransın başlanğıcında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçıların diqqətinə akademik Maqsud Əliyevin həyat və fəaliyyəti haqda bioqrafik videoçarx təqdim olunub.
Azərbaycan Fizika-riyaziyyat tədqiqatlarının əməli və nəzəri məktəbinin patriarxlarından sayılan akademik Maqsud Əliyev (1924 – 2016) elmimizi dünyada şöhrətləndirən şəxsiyyətlərimizdəndir.
Maqsud İsfəndiyar oğlu Əliyev 1924-cü il avqustun 27-də Tbilisi şəhərində anadan olub. O, 1941-ci ildə Tbilisi Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1943-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirakı ilə əlaqədar təhsilini yarımçıq saxlamış və müharibədən sonra 1950-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
Akademik Həsən Abdullayevin rəhbərliyi ilə Fizika İnstitutunda yarımkeçiricilər üzrə tədqiqatlar başlamış, 1950-ci ildən respublikanın bir çox ali məktəblərində assistent, baş müəllim, dosent və professor vəzifələrində işləyərək pedaqoji fəaliyyət də göstərmişdir. 1957-ci ildə fizika üzrə elmlər namizədi, 1966-cı ildə elmlər doktoru elmi dərəcəsini, 1967-ci ildə professor elmi adını almışdır. 1969-cu ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir.
Alim yarımkeçiricilər fizikası sahəsindəki tədqiqatlar və elmi kadrlar hazırlanmasındakı böyük xidmətlərə görə 1969-cu ildə Azərbaycan Respublikası EA-nı müxbir üzvü, 1980-cı ildə isə həqiqi üzvü seçilmişdir.
Maqsud Əliyev 400-dən artıq məqalənin, 20 ixtiranın müəllifi olub. Onun “Yarımkeçiricilərin istilikkeçirməsi” adlı kitabı böyük şöhrət qazanmışdır. Maqsud Əliyevin rəhbərliyi ilə 35 fəlsəfə doktoru, 7 elmlər doktoru yetişdirilmişdir.
Akademik Maqsud Əliyev ənənəvi elmi istiqamətilə bərabər, məşhur alim Lütfi Zadənin əsasını qoyduğu qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq sahəsində də tədqiqatlar aparıb. O, "Fizika problemləri və qeyri-səlis məntiq" üzrə elmi problemlərin araşdırılması ilə məşğul olub, bir neçə beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.
Akademik Maqsud Əliyev “Şöhrət” ordeni (2004), “Almaniya üzərində Qələbə” medalı (1946), “Vətən müharibəsi” ordeni (1985), “Xalqlar dostluğu” ordeni (1986), akademik Y.Məmmədəliyev adına mükafat və medal (1994), “Sülhün səfiri” beynəlxalq diplomu (2003) ilə təltif olunmuşdur. 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi adı almışdır.
Akademik Maqsud Əliyev 24 dekabr 2016-cı ildə 92 yaşında, Bakıda vəfat edib.
Beynəlxalq elmi konfransı giriş sözü il açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iştirakçıları salamlayıb. Akademik Fuad Əliyev bu alimlərn bu mötəbər görüşünün Ümummili Lider Heydər Əliyevin əziz xatirəsinin anıldığı əlamətdar tarixlə səsləşdiyini qeyd edərək, Ulu Öndərin Azərbaycan elminin inkişafına, alimlərin fəaliyyəti və rifahına daim xüsusi diqqət va qayğı göstərdiyini, onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin ölkənin gələcəyinin təminatı naminə vacib olan bu sahənin müasir tələblər baxımından yüksəlişi strategiyasının uğurla həyata keçirildiyini vurğulayıb.
Akademik Fuad Əliyev konfransın iştirakçıları arasında görkəmli alim Maqsud Əliyevin yaratdığı Azərbaycan yarımkeçiricilər elmi məktəbinin ardıcıllarının olduğundan məmnunluq duyduğunu qeyd edib. O, akademik Masud Əliyevin adı və əziz xatirəsinin Gəncənin elmi mühiti, bu şəhərdə çalışan alimlər tərəfindən xüsusi rəğbətlə yad edildiyini vurğulayaraq, qeyd edib ki, respublikamızın ikinci şəhərində çoxşaxəli elmi mərkəzin yaranması, burada aparılacaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, hətta onun üçün böyük binanın seçilməsi məsələlərinin reallaşmasında Maqsud müəllimin də həlledici rolu olub, 43 il əvvəl Kirovabad Elm Mərkəzi kimi yaranan, sonra Regional Elmi Mərkəz olan, hazırda isə AMEA-nın Gəncə Bölməsi kimi fəaliyyət göstərən bu elm ocağında Akademik Maqsud Əliyevin 100 illiyinə həsr olunmuş nüfuzlu beynəlxalq elmi konfransın keçirilməsi də bu böyük alimin xatirəsinə minnətdarlığın təzahürüdür.
Beynəlxalq konfransı idarə edən, ETN-nin Fizika İnstitutunun baş direktoru, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov öz çıxışında konfrans iştirakçılarının, hər bir yaxşı işin başlanğıcında olduğu kimi, dövlətçiliyimizin banisi, Azərbaycanın siyasi, iqtisadi, ictimai, eləcə də elmi tərəqqisi strategiyasının əsaslarını müəyyən etmiş Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərinin baş meydanında ucaldılmış abidəsini ziyarət etdiklərini bu böyük şəxsiyyətin adı və əməllərinə minnətdarlıq hissi ilə bağlı olduğunun vurğulayıb. O, Ümummilli Liderin dövlətçilik və tərəqqi xəttinin müasir dövrün xüsusiyyətləri şəraitində tam bərqərar olmasının cənab Prezident İlham Əliyevin dəqiq və düşünülmüş daxili və xarici siyasəti ilə gerçəkləşdirildiyini qeyd edib və bu tərəqqiyə alimlərimizi daim öz tədqiqatları ilə xidmət etməyə çağırıb.
Akademik Arif Həşimov Azərbaycan fizika elminin nəhəng simalarından olan Maqsud Əliyevin 100 illiyinə həsr olunan konfransda bu böyük alimin elmimizə və cəmiyyətimizə verdiyi sanballı töhfələrin xarakterinə və miqyasına uyğun gələn aktual tədqiqat istiqamətlərinin müzakirə predmeti olacağına inandığını bildirib. O, həmçinin Maqsud Əliyevin Fizika İnstitutunun müasir əsaslarla formalaşmasında və inkişafında böyük rol oynadığını qeyd edib.
Akademik Arif Həşimov, həmçinin akademik Maqsud Əliyevin AMEA Rəyasət Heyətinin üzvü kimi respublikamız üçün böyük sınaqlar dövrü olan 90-cı illərdəki fəal mövqeyi, o cümlədən Ulu Öndərin dövlətçiliyimizin formalaşdırılması naminə yorulmaz səylərini öz dəstəklərini nümayiş etdimiş ziyalı-alimlərimiz sırasında olduğunu vurğulayıb. Bu xüsusda akademik Arif Həşimov AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin ölkə mətbuatında dərc edilmiş “Heydər Əliyevin akademik heyətlə tarixi görüşü və Akademiyanın statusu məsələsi” adlı geniş məqaləsi haqda danışıb. O, həmin məqalədə də şərh edilən, akademik Maqsud Əliyevin də iştirak etdiyi, AMEA-nın 7 fevral 1997-ci il tarixində keçirilmiş ümumi yığıncağının protokollarının surətlərini AMEA-nın Gəncə Bölməsinə hədiyyə edib.
Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında Gəncədə son dövrdə müxtəlif sahələr üzrə keçirilən elmi konfrans və digər tədbirlərin artdığını və bunun şəhərdə elmi mühitin inkişafının göstəricisi olduğunu qeyd edib. O, akademik Maqsud Əliyevin 100 illiyi ilə bağlı bu beynəlxalq konfransa Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təbriklərini çatdırıb.
ETN-nin Fizika İnstitutunun Qeyri-kristallik yarımkeçiricilərin fizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva çıxışında akademik Maqsud Əliyevin tədqiqatlarının elmimiz üçün əhəmiyyətindən danışıb. O, qeyd edib ki, Maqsud Əliyev klassik yarımkeçiricilər və onlar əsasında bərk məhlullarda, evtektikalarda köçürmə hadisələrinin tədqiqi ilə məşğul olmuş, onun rəhbərliyi ilə yarımkeçiricilərdə elektron və fonon prosesləri, zolaq quruluşu öyrənilmiş, bəzi yarımkeçirici-metal evtektikalarında ifrat-keçirmə və Cozefson effekti tədqiq olunub, bu tədqiqat işləri sayəsində onun elmi məktəbi yaranmış və hazırda həmin məktəbin nümayəndələri Azərbaycanın və xarici ölkələrin elm və təhsil ocaqlarında çalışırlar.
Konfransda Gəncə şəhərində yerləşən ali təhsil ocaqlarının rəhbərləri də çıxış ediblər.
Azərbaycan Dövlər Aqrar Universitetinin rektoru texnika elmləri namizədi, dosent Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru, dosent Yaşar Ömərov, Gəncə Dövlət Universitetinin prorektoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Şahin Xurşudov çıxışlarında elmi tədqiat və ali təhsil ocaqlarının əməkdaşlıq məsələləri haqda fikirlər səsləndirib, bu məsələdə tanınmış alimlərimizin məktəbinin nümayəndələrinin rolunun əhəmiyyətli olduğunu qeyd edərək, fizika elmimizin aparıcı alimlərindən olmuş akademik Maqsud Əliyevinn yetirmələrinin Bakı ilə yanaşı, Gəncədəki ali təhsil və tədqiqat ocaqlarında çalışdıqlarını diqqətə çatdırıblar.
Alimin yetimələrindən fizika-riyaziyyat elmləri doktoru, professor Məntiq Cəfərov və fizika elmləri doktoru, professor Adilə Abbasova, fizika-riyaziyyat elmləri doktoru, professor Dürdanə Araslı çıxış ediblər. Onlar Maqsud Əliyevi elm ilə nəcabətin vəhdətinin təcəssümü kimi xarakterizə ediblər.
Akademik Maqsud Əliyevin yaxın qohumu Xanlar Məmmədov alimin elmi, ictimai fəaliyyətinə və onun şəxsiyyətinə böyük həssalıq nümayiş etdirərək, bu mötəbər elmi forumun təşkilinə görə AMEA-ya, ETN Fizika İnstitutuna, AMEA-nın Gəncə Bölməsinə, bu qurumların rəhbərliyinə alimin ailəsi adından minnətdarlıq bildirib.
Üç günlük beynəlxalq konfrans bölmə iclasları ilə davam etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.